Bu dəfə çox qısa olacaq. Lakonik. Əsas məqamlar. Onsuz da uzun oxumağı sevmirik çoxumuz.
Keçən il necə yadda qaldı?
- Daha az paylaşım, daha çox yaşamaq, daha çox cəhdlər. Yazmaq xətrinə yazmaq istəmədim. Oxuyuculara hörmətsizlik olar deyə ehtiyat etdim. Yalnız dəyərli olduğuna əmin olduğumda paylaşdım.
- Həm yaxşı həm də çox yaxşı xəbərlər eşitdim. Bunların arasında yaxşı olmayan xəbərlər də az olmadı. Yaxşıların çox olduğuna inanıram və bu sevindirir.
- Sağlığın önəmi və həyata baxışı dəyişdirəcək hadisələr məni yenidən başlatdı. Azərbaycan həkimləri çox dəyərlidir. Yaxşı ki varsınız.
- Həmişə olduğu kimi güvəndiyim insanlardan güvənsizlik əlamətləri görüncə onlara uyğun doğru yerlərə yerləşdirdim. Yenə güvənməyi seçirəmmi? Bəli seçirəm.
- Yıxıldığım anlar oldu, amma yenidən durub davam etməyi seçdim. İstiqamətimiz düz olduqdan sonra, yolumuz açıq olacaq.
Bu yazı oxuduqdan sonra nələri özünüzlə götürməlisiniz?
- Sizi həvəsdən salmağa çalışanlar, sizi dəyərsiz göstərməyə çalışanlar həmişə olacaq. Bilin ki, dəyər subyektə aiddir. Sizi dəyərsiz göstərməyə çalışanlar özləri sizin dəyərinizi yaxşı bilirlər.
- Susmaq. Gərək olmadan danışmayın. Dediyiniz sözün dəyərinə əmin deyilsinizsə söz olsun deyə bir şey deməyin. GenZ dən öyrənin.
- Sevdiklərinizin yanında olmağı seçin. Ən dəyərli insanlar xoşbəxt olunca siz də xoşbəxt olursunuz.
- Sürətli qərar verib itirməyi öyrənin. İtirməyi öyrənmədikcə qazanmağı da öyrənməyiniz çətin olacaq.
- Uzunmüddətli zərəri gördüyünüz anda geri dönmə cəsarətini özünüzdə tapın. Zərəri qəbul etmək onu saxlamaqdan daha dəyərlidir. Açıq kitabları saxlamayın.
Mənim dəstək ola biləcəyim ağlınızda olan sual varsa və əgər AI deyil, insandan fikir almaq istəyirsinizsə, direkt-ə yaza bilərsiniz linkedin-də.
Özünüzə yaxşı baxın.
İmran.