Imran Baghirov
Career Self interview

Korporativdən keçid – 13 il +2

İyul 2021 mənim üçün önəmli bir ay idi. Bir neçə səbəb var.

  • 13 il işlədiyim Azercell Telekom şirkətindən ayrılmağımdan 2 il keçir
  • Lütfi Zadə Texnologiya Mərkəzinin başlanmasının 2 ci il dönümü
  • Apollo missiyasının 52 ci il dönümü.

Bir təcrübəmiz bir insana faydalı ola biləcəksə bu reallığın özü təcrübə paylaşanı məmnun edər. Tələbələr, şirkətlərdə, təşkilatlarda çalışan əməkdaşlar və bir çox digər peşə sahibləri bu yazını oxuyub bir perspektiv əldə edə bilərlər. Bu perspektiv onlara cari və ya gələcəkdə qarşılarına çıxacaq situasiyalarda daha doğru qərarlar verməyə kömək edəcəyi arzusu ilə bu yazını yazıram.

Bu yazının əsas hədəfi

Bu haqda Linkedin də, yazdığım statusda dostlardan bu mövzuda maraqlandıran sualları xahiş etmişdim. Onların suallarının cavabını da burada bir bir qeyd edəcəyəm.

Bu yazı bir uğur hekayəsi formatı deyil

Əksinə. Şirinləşdirmədən (sugar coating) və ya populyar olan “acılarla gəldik” mülahizələrindən kənar real və səmimi formada sizlərə çatdırmaq istəyirəm. 3 hissəyə böləcəyəm yazını. İlk hissə keçiddən öncəki perioda aiddir. İkinci hissə isə keçidin özünün reallıqlarını əks etdirəcək. Üçüncü hissədə isə sizdən gələn sualları cavablandıracağam.

Xüsusilə qeyd edim ki, əgər bu yazını oxuyub kimlərisə pisləyəcəyimi və ya yaxşı-pis ayrımı edəcəyimi gözləyirsinizsə, üzülərək qeyd edim ki, burada bu olmayacaq. 🙂 Bir çox hallarda statuslarımı print və ya screen edib və sonra “səndən yazıb” deyə paylaşanlara sözüm odur ki, məqsədim insanlara faydalı olmaqdır, kimlərəsə mesaj və ya söz ötürmək deyil , olmayıb. Sizləri də sevirəm ama. Kim istəməz ki, statusları screen edilsin. 🙂

Qeyd 2 – Korporativ mühit olan Azercell Telekom şirkəti mənim şəxsi və peşəkar inkişafımda çox böyük rolu olub, mənə böyük investisiyalar edilib və bunun nəticəsidir ki, sizlərə bu gün hansısa təcrübələrimi paylaşa bilirəm. Buna görə o şirkətə davamlı təşəkkür borcum olacaq. Eyni zamanda burada birlikdə çalışdığımız, dostum və partnyorluq etdiyimiz AGA Group haqqında da eyni fikirləri bölüşmək istəyirəm. Bu yazıda nə şirkət nə də ki fərdlər ilə xüsusiləşdirilməməlidir. İnsanlara qərar vermələri üçün köməkçi vasitə kimi nəzərdə tutulmuşdur. İstəyirəm ki, insanlara faydalı olmaq imkanı varsa bunu dəyərləndirim.

Öncəsi və davamlı

Keçiddən öncəki hissədə korporativ həyatla sağollaşmaya gətirən yol haqqında danışmaq istəyəcəyəm. Burada siqnallar və qərar nöqtələri haqqında danışmağım yerinə düşər ki, siz də bunu oxuduqca faydalana biləsiniz.

Keçiddən sonrakı hissədə isə ayrıldıqdan sonra verilmiş qərarlar üzrə nəticələr, onların təsirləri və növbəti addımlar əhatə olunacaqdır. Çalışacağam burada da real baş verən seçimləri sizlərlə paylaşım.

Ən son hissədə isə sizdən gələn suallara qısa cavablar verməyə çalışacağam. Linkedin üzərindən sizin suallarınız var idi və onlara bir -bir cavab vermək borcumuzdur.

Korporativ həyat

Hal hazırda dünyada olan insanların mütləq əksəriyyəti korporativ həyatda, hansısa təşkilatda çalışırlar və ay sonu maaş alırlar. Bu bizim dünyamızın standartıdır. Klassik olaraq da insanlardan gözləntimiz də bu istiqamətdədir. Universiteti oxuduqdan sonra hansısa işə girsin və işləsin. Məntiqlidirmi? Elədir. Çünki, ilkin təcrübələr və bacarıqları universitetlər verə bilmirlər (təkcə bizdə deyil, dünyada da. Tələsməyək universitetləri günahlandirmağa :))

Pozitivlər

  • Stabil maaş, bonuslar, benefitlər
  • Korporativ mühit
  • İş təcrübələrinin öyrənilməsi imkanı
  • Səhvlərə görə limitli risk(max işinizi itirə bilərsiniz)
  • Vəzifə və təcrübə artımı
  • Ödənilmiş tədrislər
  • Fərqli sahələrdə olan insanları tanımaq imkanı
  • Linkedin profilinizin güclü olması

Neqativlər

  • Çox çalışsan də gəlirə az təsir edir.
  • Ofis politikası, lazımsız streslər.
  • Əmək bazarında dəyərinizi itirmə riski
  • Proaktivlik bir çox halda gərəksiz hesab edilir.
  • Şirkətin gəlirliyi artanda ən sonda sizə təsir etməsi
  • Şirkətin gəlirliliyi düşəndə ilk sizə təsir etməsi.

Siyahını uzatmaq olar, amma burada durub korporativ həyatın əsas xüsusiyyətini sizə deyim. Əmək bazarına girənlərin mütləq əksəriyyəti üçün (95%+) doğru qapıdır. Çünki, limitli risklərlə sürət qazanmaq və inkişaf etmək imkanları əldə edirsiniz.

Özəl sahibkarlıq

Xalq dilində, biznesmen, tacir, şəxsi sahibkar, alverçi, biznes sahibi və s. sözlərlə ifadə olunsa da, ümumiləşdirsək, öz şəxsi kapitalını və ya borclanmış məbləği istifadə edərək daha çox gəlir qazanmaq üçün istifadə edən və risk götürərək çalışan şəxslərdən gedir söhbət. Həm risklər ona aiddir həm də gəlirlilik. Limitlər demək olar ki, yoxdur. Milyonçu da ola bilərsiniz, hər şeyinizi də itirə bilərsiniz. Adətən korporativ həyatdan çıxıb bura keçid edilir. Az hallarda isə məhz özəl sahibkarlıq ilə başlanılır. Məsələn startapçılar və ya ailə bizneslərində olan insanlar.

Pozitiv

  • Azadlıq
  • Sevdiyiniz iş ilə məşğul olma imkanı
  • Qaydaları özünüz qoymağınız
  • İstədiyiniz adamlarla işləmək
  • Böyük gəlirlərə gedib çıxma ehtimalı
  • Çalışmaq direkt olaraq gəlirliliklə əlaqədar olması

Neqativ

  • Daha çox risk – daha çox stres
  • Daha çox çalışmaq
  • Hər şeyi itirmək riski
  • İş qrafiki biznesdən asılılığı
  • İqtisadiyyatın vəziyyətindən asılılıq

Keçiddən öncəki dönəm

Bu hissədə sizə korporativ həyat boyunca hiss etdiyim siqnallar və onlar əsasında gəldiyim nəticələr haqqında danışacağam. Düşünürəm ki, bu hadisələr və signallarla siz də qarşılaşa bilərsiniz.

  • Daha yuxarı vəzifə üçün maraq olmaması

Bir çox HR peşəkarları təsdiqləyər ki, bir vəzifədə 2-3 ildən çox qalmaq artıq narahatlıq əlamətidir. Məndə də belə olub. Elə 2 il olmayıb ki, vəzifə dəyişikliyi olmayıb məndə. Həm horizontal həm də vertikal karyera hərəkətləri olub. Beləliklə demək olar ki, şirkətin bütün hissələrində olmuşdum. Departament direktoru olduğum dönəmlərdə anlayırsan ki, yuxarısı CEO vəzifəsidir və o vəzifə cəlbedici gəlmirdi. Eyni zamanda reallıq odur ki, o təyinatlar bir çox faktorlar nəzərə alınmaqla həyata keçirilir. Yəni şans məsələsidir. Yuxarı yoxdursa paralel keçidlər edə bilərsən. Başqa şirkətlərdən gələn təkliflər isə bir çox hallarda maraqlı deyildi, çünki, eyni korporativ şərtləri və ya korporativ azadlığı verənlər demək olar ki yox idi. Head Hunterlərin biri ilə görüşdə mənə deyilən “We own the people” ifadəsi çox cazib bir təklifə yox deməyimə səbəb olmuşdu. Çünki, azadlığımı heç bir pula dəyişəsi deyildim.

Əgər siz də karyeranızda yuxari və ya paralel hərəkət üçün maraq görmürsünüzsə bu bir siqnaldır.

  • Öyrənə biləcəyin mövzuların getdikcə azalması

Telekomlar bir zamanlar innovasiyanın beşiyi olmasına baxmayaraq 2015+ illərindən artıq dünya üzrə hiss olunmağa başlayırdı ki, geri qalmağa başlayırlar. Əsas faktor burada sürət məsələsidir. Telekomlarda operasional fəaliyyət o qədər geniş həcmlidir ki, böyük gəmiyə bənzəyir və bir çox dəyişikliklər bəzən illər aparır. Bu isə muasir texnologi sürətdən getdikcə daha da geriyə salırdı. Şirkətə çox minnətdaram ki, çalışdığım 13 il boyuncə elə bir il olmamışdır ki, mənim inkişafıma investisiya qoymasın. Əsasən xarici təşkilatlardan tədrislər alan və oralara təcrübəyə göndərməklə bu biliklərə yiyələnirdik. Tendensiya onu göstərirdi ki, yenilikləri çox olsa belə onların tətbiqi illəri alırdı və biliklər tez köhnəlirdi.

Siqnal – Əgər sizin öyrənmə tempiniz tətbiq edə bilmə tempi ilə uzlaşmamağa başlayırsa bu bir siqnaldır.

  • Şirkətin əsas operasional xəttində olmama

Şəxs olaraq rutin və operasional işləri sevmədiyimə görə (azadlıq və kreativlik hissimi limitləyirdi) bir çox hallarda rutindən daha çox yaradıcı fəaliyyətlərə doğru gedirdim və demək olar ki, rollarımın çoxu (Qiymət qoyma, Data Analitika, Məhsul idarəetmə, Strategiya, İnnovasiya və s) bu istiqamətdə idi. Bunun gətirdiyi və apardığı xüsusiyyətlər var. Gətirdiyi odur ki, daim ən yeni trendlər üzərində olursan və xəbərdar olursan nə baş verir. Apardığı isə ondan ibarətdir ki, biznesin pul qazanma xətti üzərində olmadığına görə söz haqqı bir çox hallarda sənə ilk sıralarda gəlmir. Belə hallarda qərarlarda söz haqqını hiss etməmə qopuqluq yarada bilir.

Siqnal – Əgər şirkət üzrə verilən qərarlar ilə mütəmadi razı qalmaya bilirsinizsə bu sizin üçün bir əlamətdir.

  • Azadlığını itirmək istəməmə

Bəlkə də ən önəmli məsələdir mənim üçün. Azadlıq nədir? Fərdi və peşəkar qərarlar və mülahizələrimi azad bir şəkildə paylaşmaq və məcburi olmayan fəaliyyətlərdə iştirak etmək. Bilirəm. Biraz qəliz səslənir amma əsas məsələ özün kimi olmaqdır. Məcbur edilməməkdir. Çox yaxşı maaş alıb, “deyilənləri edəcəksən və başqa heç nə” tipli digər korporativ iş təkliflərini eşidəndə başa düşürsən ki, sənin beynin bir çox hallarda lazım deyil. Sadəcə orada olman maraqlıdır və icraçı olaraq məmnun etməyin lazımdır. İşlədiyim şirkətdə bununla rastlaşmadığım səbəb idi ki, 13 il orada qala bildim. Fərd olaraq 35 yaşına gəlmiş bir insan üçün azadlığın və fərd olaraq özünü ifadə etmək çox daha önəmli bir yerə gəlib çıxır. Onsuz da qısa bir həyatımız var, onu da istədiyimiz kimi yaşamırıqsa nəyə lazımıq?

Signal – Əgər şəxs olaraq öz mühitimizdə limitli olduğumuzu hiss ediriksə, azadlığımızı öz kreativliyimiz və fəaliyyətimizlə ifadə etmək istəyiriksə bunu nəzərə almaq lazımdır.

  • Maddi müstəqillik və gəlirlilik

Normal həyat yaşamaq istəyirsənsə korporativ həyat əvəzedilməzdir. Az stres və bəxtiniz gətirsə normal pensiya. Amma məsələni riskə atmayıb, istədiyin kimi həyat yaşamaq və daha çox gəlir qazanıb doğru işlər qurmaq istəyirsinizsə bunun yolu fərdi sahibkarlıqdır. Korporativ mühitdə İcraçı direktor və ya CEO deyilsinizsə və milyonluq bonuslar almırsınızsa istədiyiniz həyatı yaşamağın yolu korporativ həyat deyil. Çox pul qazana bilmək motiv deyil əslində, o bir nəticədir. O pulu da özünə lyuks həyat yaşamaq üçün istəmirsən. Onu doğru bildiyin sahələrə investisiya etmək və faydalı işlər görmək üçün istəyirsən. Belə olduğu halda pul güc deməkdir, və güclü olmaq üçün doğru seçimi etmək lazımdır. Bunun yolu da korporativ həyat deyil.

Siqnal – Maddi gəlirliliyiniz sizi narahat edirsə və ya ambisiyalarınız böyük işlər görməkdirsə, bu sizə bir işarədir.

  • Yaş amili

25-50 yaş arası bizim ən məhsuldar müddətimizdir. Eyni zamanda 50 yə doğru getdikcə ömrümüzün yarısından çoxunu yaşamız olduğumuz üçün edəcəyimiz hər addımın riski aşağı düşmüş olur. Daha cəsarətli olmaq daha ucuz olur. Çünki itirə biləcəkləriniz getdikcə azalır. Bununla yanaşı insan öz səbəbiyyəti ilə eqosunun məmnun etmək üçün özündən sonra nələrsə saxlamaq istəyir. Faydalı bir şeylər ki, insanlar faydalansın. Bəlkə də unudulmasın. Məndə də bu hiss var. Buna görə də hər keçən il daha da çox təcililik hissi yaranır.

Siqnal – Əgər yaşınız keçdikcə “mən axı daha böyük və ya önəmli işlər görə bilərdim” deyə bilirsinizsə özünüzə demək ki, bu sizə bir əlamətdir.

  • Fərqli olmaq istəyi

Hərkəs kimi olmaq istəyirsənsə hər kəs kimi davranmalısan. Fərqli olmaq istəyirsənsə fərqli davranmalısan. Ətrafdakı nümunələrə baxıb anlayırsan ki, 50 yaşında korporativ işdə maaşı gözləmək istəmədiyinə görə indidən nələrisə etməlisən. Bu təcililik hissi. Eyni zamanda isə insanlığa faydalı bir şeylər ortaya qoya bilmək arzusu fərqli olmağa vadar edir. Statistikada outlier olmaq, amma pozitiv tərəfdə. Buna bənzəyir əslində.

Siqnal – Korporativ mühitdə ətrafdakı sizdən daha yaşlı insanlara baxıb onlar kimi olmaq istəmirsinizsə, fərqli və fərdi olmaq istəyirsinizsə bu sizə əlamətdir.


Keçid – AGA Group – Lütfi Zadə Texnologiya Mərkəzi

Keçidim AGA Group şirkətlər qrupuna oldu. Həm partnyorluq həm də birlikdə dostluq münasibətlərimiz əsasında formalaşdı. Qısa müddətli perspektivdə stabil maaşı və dəfələrlə böyük gəlirliliyi qoyub uzunmüddətli perspektivdə daha böyük gələcəyə inandığım AGA Group – ilə birlikdə Lütfi Zadə Texnologiya Mərkəzinin qurulmasına çalışmam aşağıdakı səbəblərdən idi.

  1. Sahibkarların iş etikası, prinsipləri və ədalət anlayışı
  2. Şirkətin və mənim strateji maraqlarımızın ortaq olması
  3. Dostluq və güvən hisslərinin olması

Layihəyə başlayanda adı qoymamışdıq və ona görə də kod isim olaraq “Apollo layihəsi” olaraq istifadə edirdik. Əsas məqsəd ölkədə ən böyük texnologiya mərkəzini qurmaq, burada kovorkinq, akselerasiya və investisiya fəaliyyətlərini təşkil etmək idi. Mənim Azercell (Barama mərkəzi) -dən olan təcrübələrim və AGA Group -un daşınmaz əmlak idarəedilməsində olan uzun illik təcrübələri bir birinə çox uyğun gəlirdi. Deyilməsi asan olsa da layihə 1.5 il çəkdi və bunun nəticəsində 3000 kvadrat metrlik ölkənin ən böyük texnoloji mərkəzi Lütfi Zadə Texnologiya Mərkəzi ərsəyə gəldi. Azərbaycanın böyük aliminin adını daşıması da bizə ayrı bir fərəh və qurur hissi verdi.

Keçid prosesində yaşadığımız ən böyük çətinliklər mənim təmir və tikinti mövzusunda bilikli olmamam, pandemiya dönəmindəki bildiyimiz çətinlikliklər və eləcə də daha dinamik və dəyişən biznes dünyasının qaydalarına uyğunlaşmam idi. Bunlar haqqında daha detallı aşağıda qeyd edəcəyəm.


Keçiddən sonrakı dönəm

Bu hissədə isə keçid prosesi və onun gətirdikləri ilə əlaqədar təcrübələrimi bölüşəcəyəm. Verdiyim qərarlar və onların hansının doğru hansının səhv olduğu haqqında qəanətlərimi də bölüşəcəyəm.

  • Fərqli iş standartları

Ən önəmli məsələ işin sürətidir. Korporativ mühitdə zamanın dəyərini az hiss edirsən. Fərdi sahibkarlıqda isə hər keçən zaman ya qazandırdığın ya da itirdiyin pul və ya imkanlar deməkdir. Daha çox sürət və zaman anlayışının ortadan qalxması. İş saatları sənin oyaq olub və ya yuxuda olmağınla limitlənir. Oyaqsansa işləyirsən. Yatırsansa yatırsan. Bununla yanaşı fəaliyyətin bütün sahələri ilə məşğul olmalı və idarə etməlisən. Həm tikinti həm maliyyə həm idafəetmə və s. Belə halda bütün yanğınlara özün getməli olursan. Korporativ mühitdə hər iş üçün ayrı adam var idi. Özünsənsə hər şeydə özünsən. İşçi işə almaq qərarı ən ağrılı qərardır çünki ona sərf edilən əmək haqqını rasional olaraq özünə sübut etməlisən.

  • Güvən vs müqavilə

Partnyorların ilə münasibətlərdə həm dostluq həm də razılaşmalar olduğuna görə bunları doğru idarə etməlisən. Bir çox partnyorluqlar məhz anlaşmaların zamanla kiminsə “ədalətsiz” olaraq düşünməsindən sonra iflasa uğradığını görmüşük. Bunu nəzərə alaraq bütün razılaşmalar müqavilə olmasa da yazılı formada yazılması önəmlidir ki, sonra heç bir sual qalmasın. Bunu adi email ilə də edə bilərsiniz. Bununla yanaşı həm özün yazılmamış məsələlərdə ədalətli və xəbərdar etməklə (şəffaf) davranmalısan həm də ki, qarşılıqlı olaraq bunu gözləməlisən. Doğrusu bu mövzuda çox məsələlər öyrəndim. Nə zaman güvənmək, nə zaman isə müqavilə və ya yazıya əsaslanmaq lazım olduğunu.

  • Maliyyə disiplini

Əsasən şəxsi maliyyə gəlirləri və xərcləmələri idarə etmək mövzusunda çox diqqətli olmaq lazım olduğunu hiss etdim. İlk dönəmlərdə tam minimumlarımı yaşamağa çalışdım. Əlbəttə bu stress durumu yaradır və standart öyrəşdiyin həyatdan uzaqlaşdığına görə davranışlarını dəyişmək lazım gəlir. Minimalistik həyata keçmək və bunu yaşamaq qərarı verdim. Tam bir startap kimi. Xərcləmələr minimuma enməli və stabillik hiss etmək lazımdır. Yoxsa yığımlarından xərcləyirsənsə bunlar bir gün bitəcək və daha ciddi problemlərlər üzləşəcəksən.

  • Bilmədiklərimi öyrənmə

Yeni biliklər və bacarıqlar öyrənmək lazım idi və bunu qısa müddətdə etmək məcburiyyəti var idi. Heç bir kitabda yazılmayan bilik və bacarıqlardan yerli vendorlar ilə işləmək, biznes etiketinin özəllikləri, tanış və dost şirkətlərə münasibətlər, söz vermək və arxasında durmaq və s kimi prinsiplər və onların reallaşdırımasını öyrənirsən. Bunun yanında isə yeni sahələrin bilikləri öyrənmək lazım olur. Mənim vəziyyətimdə tikinti işini, beton, metal, taxta və s təmirini , logistikasını və təchizatçılar ilə işi öyrənməli oldum. Bunu öyrənərkən bir çox səhvlər də oldu. Bəzi səhvlər bizi geri atdı amma yenə də qalxıb işimizə davam etdik.

  • Səhvlərə qarşı davranış

Səhvlər həmişə olur. Onlar baş verərkən ediləcək işlər dəymiş ziyanın azaldılması, dəyərləndirilməsi və gələcəkdə bu səhvlərin olmaması üçün nə edilməsi gərəkdiyini anlamaq. Korporativ mühitdə səhvin səbəbkarı daha çox axtarılır, burada isə maliyyə itkilərini limitləmək və aradan qaldırmaq üçün çalışılır. Daha sonra isə gələcəkdə baş verməməsi üçün nə edə bilərik deyə baxılır. Təbii məsuliyyət yerindədir, amma, prioritetlər dəyişir.

  • Stres və depressiya idarə edilməsi

Keçiddən sonra ilk 6-9 ay ərzində fərqində olmadan depressiyaya düşmüşəmmiş. İçində olanda insan bunu anlamır. Daha sonra fərqinə varırsan. Əsas əlamətləri yuxu azlığı və daha çox çalışmaq. Davamlı çalışmaq. Əhval dəyişiklikləri. (Mood Swing) Gün ərzində bəzən bir neçə dəfə əhval dəyişikliyi ola bilirdi. İnsan yeni durumlarla üzləşəndə ya üstünə gedir ya da uzaqlaşır ondan. Bilinməyən ilə üzləşmək stres gətirir bununla da mübarizə aparmaq üçün hər kəsin fərqli metodları var idi. Məndə vaxtaşırı beynimi rahatlatmaq üçün “out of office” günlər etməyim idi. Müəyyən qədər kömək edirdi. Amma ən yaxşı həll metodu yuxu sisteminin yerinə qayıtması imiş. Bunu gec anladım. Məcbur edib yuxu rejimini qaytardıqdan sonra işlər düzəlir.

Stres olması normaldır, amma fərqində olmaq və uyğun davranışla onu idarə etmək lazımdır görünən. Fərqində olmaq fərq yaradır.

  • Şəxsi standartlar

Şəxsi dəyər və motivasiya sistemim də dəyişmiş oldu. Daha çox sürət önə çıxdı. Gecikməmək. Çoxlu təcrübələr etmək və daha çox öyrənmək. Nə istədiyimi anlamaq üçün asan deyilmiş. Getdikcə daha çox anlayırsan özünü amma heç vaxt da tam anlamış sayılmırsan. Ona görə bitməyən bir dövrə girirsən. Davamlı təcrübələr və dəyişimlər. Bunun nəticəsi olaraq insanlara zaman ayırarkən daha diqqətli olmağa başladım. Heç bir görüşü plansız etməməyə, nəyə görə görüşdüyümü anlamadan görüşməməyə, sərf etdiyim zamanın qiymətini sorğulamağa, söz yox nəticələrə güvənməyə başladım. Əməkdaşlıq sözündən daha çox konkret fəaliyyətlərə üstünlük verməyə başladım.

  • Dost və tanış münasibətləri

Dost və tanış anlayışları dəyişdi. Dost məvhumunun dərinliyi bir daha özünü göstərdi ki, kriteriyalarım daha yüksək qoymağm özümə ziyan imiş. Çətin durumda olduğumu hiss elətdirdiyim dostlarımdan çox sahib çıxan və əksini göstərənlər oldu. Mənim üçün həyat dərsi oldu. Bir formada anladım ki, gözləntilərimi aşağı tutmalıyam ki, sonra üzüntü yaşamayım. Hamımız insanıq. Hər kəsin öz hədəfləri var və bir çox hallarda bir birimizə o qədər də ayan ola bilmirik. Tanışlar mövzusunda isə sayları getdikcə artdı. Hər gün yeni insan tanımağın zövqlü bir şey olduğunu anladım. Ağıllı və maraqlı insanları tanımaq prosesini davamlı etməyi öyrəndim. Yeni yeni dostluqlar tanışlıqlar və münasibətlər yarandı.


Sizdən gələn suallar

Bu Linkedin postumda qeyd edilən suallara bu hissədə cavab verəcəyəm.

Bu kecidi evvelceden (13 il evvel) ede bilerdinizmi? Buna catmaq ucun size ne lazim olardi?

Xeyir edə biməzdim. Çünki bu illər ərzində həm bilik, həm təcrübə həm də ki, zaman keçməsi lazım idi ki, özümü buna hazır hiss edim.

Bu keçidin vaxtının gəlib çatdığını bildirən daxili və xarici faktorlar/siqnallar

Bu siqnalları yuxarıda bir bir qeyd etmişəm. Əslində son 3 il müddətində bu keçidin olacağını hiss edirdim və hazırlaşmağa başlamışdım. Sadəcə doğru zaman və imkanları gözləyirsən ki, onu dəyərləndirəsən. Yoxsa sadəcə çıxıb getmək ağıllı qərar olmazdı.

Zəhmət olmasa qarşılaşdığınız maneələr və ümumi olaraq hansı yanaşmalar ilə onları həll etdiyinizi qeyd edərsiniz.

Maneələr həmişə vardır. Həyatın standart durumu problem həll etməkdir. Heç kim sizə normal problemsiz , maneəsiz həyat söz verə bilməz. Əsas yanaşma isə risklərin dəyərləndirilməsidir. Kosmonaftlar davamlı bir sualı özlərinə verirlər – “Məni öldürə biləcək növbəri şey nə ola bilər?”. Sən də davamlı bu sualı özünə verməli olursan.

Risk dəyərləndirməniz çox maraqlı olardı

Ən pis ehtimalda nə ola bilər? -sualına cavab verdikdən sonra riskləri daha yaxşı anlamağa başlayırsan. Risk hallarını da bir bir qeyd edib onların hər biri üçün nələr edilə biləcəyini düşünmək isə yetərlidir. Zaman dəyişir və durumlar dəyişir. Hər zaman da bu riskləri anlamaq və yeniləmək lazımdır. Risklərin yanında da bir qədər insan olaraq, fərd olaraq istədiklərin də önəmlidir. Nəyi verib nə alırsan sən? Bunu da daxil edirsən risk dəyərləndirməsinə.

Mene maraqlidir korporativ muhitdeki stabilliyi pozub atildigin riskler ucun hansi ehtiyat planlar var idi? Riskler nece analiz olunurdu? Bu addima atmag ucun hansi hazirliqlari kecmek gerekir?

Amilləri yuxarıda qeyd etmişəm. Əsas prinsiplər mənim üçün həyatın ortasında istədiklərindir. Necə yaşamaq istəyirsən qalan həyatını? Stabil sakit amma narahatçılıqla? Ya macərəlara qapı açıb və risk götürmək. Yaxşı da ola bilər pis də. Seçim hər kəsin özünə aiddir. Hazırlıqlar dedikdə isə, yığım etmək lazımdır ki, ən azı 6 aylıq əmək haqqınız məbləğində yığımınız olsun. İdealda minimum 1 il. Bu sizin stresinizi aşağı salacaqdır. Bir başlayacağınız istənilən işdə tək deyil komanda formasında getməyi məsləhət görərəm. Mənim təcrübəmdə tək başladığım və etdiyim işlərdə risklər çox olmuşdur. Uğurlu işlərin çoxu məntiqli partnyorluqlarla alınır.

İndiki biliklərlə keçmişə qayıda bilsəydiniz, yenə də korporativ dünyadan başlayardınız yoxsa tamam yeni trayektoriya seçərdiniz? Cavabınızı əsaslandırardız.

İndiki biliklər ilə keçmişə getsəm əlbəttə ki, fərdi sahibkarlıqla davam edərdim. Yeni traektoriya. Məni fərqləndirən , məni güclü edən sahəni seçib həmin sahədə fəaliyyətimi davam edərdim. O sahədə hansısa problemi həll etməyə çalışardım. Əsaslandırmaq deyəndə məsələ kiminsə hansısa problemini həll edə bilib və ya bilməmədir. Bunu edirsənsə işlərin yaxşı gedir. Bilmirsənsə alınmır.

Korporativ dünya sizin bir lider kimi formalaşmaqda nə qədər rol oynadı? Daha effektiv yol məsləhət verə bilərsinizmi?

Korporativ mühitdə adətən çox adam risk almağı sevməz. Sakit oturmuşam da, deyib öz işinə davam etmək istəyər və anlayır ki, yeni işlər risk deməkdir. Bu işlər uğurlu alınmasa onların adına problem deməkdir. Mən isə əksinə olduğunu düşünürdüm. Həmişə yeni çağırışlara, yeni riskli ideyalara doğru gedirdim və bu risk götürmə imkanları daha çox səhvlər etməyə və nəticədə onlardan çıxmağı öyrənməklə bacarıqları yiyələndirirdi. Korporativ dünyada liderlik anlayışı gündəlik təcrübələrdə və tədbirlərdə ortaya çıxır. Tədbirlərdə öndə olmağı sevirsinizsə bu sizə fayda qazandıracaqdır.

Gələcək üçün özünüzə hansı məsləhətlər verərdiz. Bunlardan hansıları yeni başlayanlara da şamil edərdiniz?

Çox oxu, dünyadan xəbərdar ol və davamlı olaraq dəyiş deyərdim. Gözləmə , zaman itirmə. Hər anı dəyərləndir deyərdim. İstirahət etməyi öyrən. (Hal hazırda bunu yaxşı bacardığımı düşünmürəm)

Geri dönmək həddinə çatdıran faktor olubmu? Niyə? 

Çətin olan dövrlər olub, amma geri dönüş etmək həddində olmayıb. Bəlkə də bəxtimdən olub amma çox çətin və ya mümkünsüz olsaydı bunun da mümkünlüyü istisna deyildi. Nəticədə seçimlər arasında ən yaxşı alternativlərə baxırıq. İndiki halda çox məmnunam ki, bu seçimi etmişəm. 2 ilə yaxın bir müddət əziyyətin bəhrələrini indi görməyə başlamışıq.

Əvvəlki 13 ilin növbəti 2 ildə təsiri nə qədər və necə olub? 

Çox olub. Bilik, təcrübə və özünə güvənmək. Qalan şeylər də davamlı öyrənməklə olur.

Şəxsi brendi qurmaq üçün edilən sahə araşdırmaları, analizləri, layihənin tərtib edilmədən öncəki prosedur.

Xüsusi bir plan, sahə araşdırması və ya layihələr edilməyib əslində. Fərqli sahələrdə testlər etmişəm ki, hansı mövzuda mən daha güclüyəm və o mövzuda daha çox auditoriya vardır. Onlar arasında seçimlər etmək lazım gəlir. Məsələn proseslər mövzusunda mən çox yaxşı ola bilərəm amma auditoriya buna hazır deyilsə, bunun faydası olmur. Çoxlu təcrübələr və nəticələrindən öyrənmələr. Təcrübə etməyə qorxmamaq lazımdır.

Hansı məqamda hiss etdinizki vse! korporativ işdən ayrılma zamanıdır?

Son 3 il ərzində hər gün bunu düşünürdüm amma uyğun zaman və şərtlər yerinə gəlməmişdi deyə reallaşa bilmirdi.

Böyük şirkətin tərkibində işləmək sizə nələr qatdı. Bu məqama da toxunsaz yaxşı olardı.

Böyük inkişaf büdcələri olduğu üçün insanların inkişafına böyük investisiya qoyulur. Korporativ mədəniyyət. Müxtəlif təcrübələrin öyrənilməsi. Standatların bilinməsi. Beynəlxalq proqramların və tətbiqlərin anlaşılması. Dünya perspektivi. Qısacası bir çox şey.

Karyeranızdakı ən mürəkkəb dönəmlər və onları neçə aşmanız…

Mürəkkəb dönəmlər həmişə olub və olacaqdır. Əsas məsələ həmişə hadisənin məğzi olub. Durum nədir? Mənim buradan ən az ziyanla çıxa biləcəyim alternativlərim nələrdir? Ən mürəkkəb dönəmlər korporativdən ayrıldığım ilk dönəmlərdə yeni maliyyə disiplininə keçməyim idi. Minimal büdcələrlə idarə etməli idim özümü. Eyni zamanda da öyrəşdiyim standartlardan kənarda çalışmağım idi. Yeni mədəniyyət və yeni standartlar idi. Şükür ki, ciddi çətinlik dediyim çətinliklər ilə üzləşməmişəm.

Standart maashdan geliri belli olmayan bir ishe kechmek uchun qerar mexanizmi neche olmalidir. Nelere diqqet edilmelidir? Psixoloji faktorlarida neze almaqla…

Nə qədər rezerv pulun var? Nə qədər özünü kənarda reallaşdıra bilərsən? (İdeyalar yox, real təcrübələrlə sübut olunmuş hallar). Testlərin edilməsi və əgər uğurludursa, maksimum işdən çıxmadan ilk addımların atılması. Psixoloji faktorlar olaraq onu deyə bilərəm ki, “Brace for impact”. Hazır olmaq lazımdır ki, asan olmayacaqdır. Nə qədər çox işləmisinizsə korporativdə o qədər sizə çətin olur, çünki öyrəşmisiniz.

Azercellden size qatilan en boyuk deyer?

Korporativ mədəniyyət.

Qarshilashdiqiniz problemler ve onlarin helli usullari ile baqli.

Problemlər fərqli olduğu üçün həll usulları da fərqli olur. Əsas prinsiplər doğru suallar verib durumu dəyərləndirmək və alternativləri ortaya qoymaq. Alternativlər arasında ən yaxşısını seçmək.

Ne üçün keçid etmek istediniz?
Nələr gozleyirdiniz, ne ilə qarsilasdiniz?
Müsbət və mənfi cəhətləri ne oldu?

Azadlıq və istədiyim həyatı yaşamaq üçün keçid istədim. Gözləyirdim daha tez olsun amma pandemiya və s məsələlər çıxınca işlər biraz uzandı. Ümumən isə gözlədiyimdən çox daha yaxşı olur. Ümid edirəm çox daha yaxşı olacaqdır. Müsbət cəhəti arzuların dalıyca getmək. Mənfi cəhəti isə stres və qısa müddətli depressiyaların olması idi keçid müddətində.

Çoxunu ilişib qaldığı yaxud getdiyi yoldan döndüyü hər kəsin başına gələ biləcək uğursuzluqlar və uğursuzluqlara baxış bucağınız haqqında da qeyd etsəniz maraqlı olardı.

Günün sonunda günə 1 dönər və 2 litr su ilə yaşaya biləcək insanlarıq. Belə olduğu müddətcə riskləri dəyərləndirib addım atmaq məntiqlidir. Yerində durmaq daha çox risk almaq deməkdir. Çünki sizin həyatınız başqalarından asılı olmağa başlayır.

Keçiddən öncə nələrə hazırlaşmaq vacibdir? Nəyi hazır etsən daha yaxşı olar?

Yığım pul. Biznes sahəsində özünüzü reallaşdıra biləcəyiniz yer. Partnyorluqlar və digər qarantiyalar. B planınız, əgər istədiyiniz kimi işləriniz getməsə nə qədər müddətə hansı qərarları verəcəksiniz.

Xəyalınızda olan ilə, faktiki reallıq arasındakı fərqin nə dərəcədə olduğunu. Xəyalınızdakı gələcəyə daha neçə il sərf etməli olduğunuzu düşünürsünüz.

Zəhmət yerdə qalmır deyərdim. Xəyallar bitmir və daha daha yaxşı olmasını istəyirsən. Konkret tarix yoxdur. Davamlı yaxşılaşdırma yolunda davam edirik.