Dünən günorta çoxdandır görüşə bilmədiyim bir dostumla dedik ki, birlikdə bir yemək yeyək. Çox sağolsun, özü böyuk bir şirkətdə rəhbər vəzifədə olsa da, işi gücü çox olmasına baxmayaraq vaxtını ayırdı və gəldi. Günorta vaxtı hər yerdə olduğu kimi yollarda sıxlıq olduğuna görə biraz gecikdi, mənim də həmin vaxtı restoranda oturub düşünmə üçün vaxtım olmuşdu. Biraz twitter biraz xəbərlər oxumaqla vaxt keçirsəm də daha çox vaxtı insanlara baxıb fikirləşməklə keçirdim.
O gəldikdən sonra isə təbii, biraz hal əhval və dadlı yeməklərdən yedik. Yedikcə də söhbət edirdik. Onun işlərindən , mənim işlərimdən. Qısacası, sizin də çoxdandı görüşmədiyiniz dostunuzla görüşərkən adətən danışdığınız məsələlər. Söhbətin ortasında maraqlı bir şey dedi, diqqətimi çox çəkdi. Hətta düşündüm ki, çox doğru deyir və bunun fərqinə vardığına və bu şəkildə izah etdiyinə görə təşəkkür etdim.
Deyir ki, ‘Bilirsənmi, niyə bizdə niyə çox peşəkar insan var, amma onlar biznesdə uğurlu deyillər ?’ , əslində çox müxtəlif variantların olmasına baxmayaraq susuram və onun gözlərinə baxıb sözünün davamını gözləyirəm. Davam edir – ‘ Bizim insanlar individualist və güvənsizlik aşılanaraq yetişiblər və onlar bir yerə gəlib hətta öz dostu ilə iş görə bilmirlər. Davamlı, özünü sübüt etməyə çalışırlar bu isə tək başına igidlik iddiasıdır’. O sözlərini dedikcə mən də beynimdə onun dediklərini gördüklərim və təcrübələrimlə uzlaşdırmağa çalışırdım. Sözünü bitirdikdə isə, mənə aydın oldu ki, dediklərinə etiraz etməyə və ya arqument gətirməyə bir sözüm yoxdur.
Qərbə baxırıq, həmişə onlardan öyrənməyə çalışırıq və oradan şahid olduğumuz odur ki, insanlar bir biri ilə uzun yola çıxırlar və yol boyu çətinliklər olsa belə anlayırlar ki, biri digərsiz dəyərsizdir. Məcburən bir birindən bərk tutuşurlar. Komanda ruhu belə yaranır. Hər insanın güclü və zəif tərəfləri olduğunu qəbul edirik və deyirik ki, bu insanlar birlikde anlaşa bilsələr dünyada bir çox problemlərin həllini tapa bilərlər, uğurlu bizneslər qura bilərlər.
Uğurlu startapların tarixlərinə baxaq. Çoxunda komanda ilə başlanmışdır və indiyə qədər birlikdədirlər. Hətta ikonik uğur flaqmanları belə (Stiv Cobs, Elon Musk və s) tək başına igid olaraq cəmiyyətə təqdim edilsələr belə onlar haqqında kitabları oxuyarkən görmək olar ki, onların komandası olmasaydı tək başına bir şey edə bilməzdilər. Hətta bu addımın, bir marketinq addımı olduğuna məncə şübhə ilə yanaşmazsınız.
Dostlar, əzizlərim, uğur yolu komandadan keçir. Buna şübhəniz olmasın. Artıq tək başına igidlik dövrü bitib.