Ofisdə söhbət –
A -Mənim işimi nə vaxt görə bilərsən?
B -Vaxtım yoxdu, dəhşət çox işim var.
A -Yaxşı bəs nə vaxta başlayıb bitirə bilərsən işimi?
B -Qoy qalsın, imkan olanda edərəm…
Mən əminəm ki , bu dialoq çoxunuza tanışdır. Gedər gəlməzə gedən işlər və yorğun – arğın işçilər. Müdirin ‘ən çox işləyən’ titulunu alan və həmişə işdən sonra da qalıb çalışan (və ya çalışmaq havasına girən) həmin o işçi seqmenti. Və ya, müdirlər ki , haçan dindirirsən həmişə ‘şirkət üçün saçımı süpürgə etmişəm’ moduna girib işin çoxluğundan gileylənirlər. Əzizlərim… 🙂 Sizləri sevirəm. Yalandan edirsiniz də demirəm, amma, çox işləməməklə də daha effektiv olmağın yolunu sizinlə paylaşmaq istəyirəm.
Bu məqaləm əsas olaraq şirkət, təşkilat rəhbərlərinə, idarəcilərə və məsul şəxslərə yönəlib ki , işçiləri çox işləyən və az işləyən olaraq ayırmaq əvəzinə effektiv və qeyri effektiv işləyənləyə ayırsınlar. Səbəbləri izah edəcəyəm.
Ümumiyyətlə məsələyə biznes aləmində iş vaxtının istifadəsi mövzusunda 2 yaxınlaşma var. Bunlardan biri resurs , ikincisi isə, proses effektivliyinə nail olunmasıdır. Son məqsəd daha çox pul qazanmaq olduğu vaxt əsas niyyət burada işçi vaxtını və biznes resurslarını elə istifadə edəsiniz ki, ayın sonunda gəliriniz maksimum olsun.
Resurs effektivliyi və Proses effektivliyi arasındaki fərq qısaça odur ki, birincidə siz işçiləri maksimum çalışmasına əmin olmağa, ikincidə isə, siz prosesin maksimum olaraq müştərinin pul verdiyi mövzuda dəyər qazandırmasına çalışırsınız. Daha öncəki Six Sigma mövzusunda olan məqaləmdə, dəyər qazandıran və qazandırmayan fəaliyyətlər mövzusunda fikirlərimi paylaşmışdım.
Prosesiniz effektiv deyilsə, işçini çox işlətmək sizə gözlədiyiniz faydanı gətirməyəcək.
Bu mövzu ilə əlaqədar bir lətifə yadıma düşdü. 🙂 Rusca olduğundan çalışacağam onu Azərbaycan dilinə ən sadə şəkildə çevirib sizinlə paylaşım. Tropik adalardan biri. 2 dost gediblər ora istirahətə. Vasya və Dima. Dima səhər durur gedir dəniz qırağına çimməyə. Görür ki, Vasya ondan da tez durub və artıq dəniz sahilindədir. Amma o bir kokos agacının qarşısında durub, ağaca baxıb nə isə fikrə dalıb. Yaxınlaşır ki, -‘Bəs sən nə edirsən burada?’. O da -‘Fikirləşirəm ki, bu kokosları ən rahat bir şəkildə necə dərə bilərəm.’ deyə cavab verir. Dima buna baxır, qəhqəhə ilə gülür , qaçır kokos ağacına, tutur gövdəsindən və ‘VASYA !! Fikirləşmək yoxeee SİLKƏLƏMƏK lazımdı, SİLKƏƏLƏMƏƏƏK ! :))’
Həyatımızda nə qədər belə hadisə olub? Oturub , işlərimizi maksimum son nəticəyə uyğun dizayn etmək əvəzinə ‘tələsirik’ bəhanəsi ilə qaçıb ən klassik yaxınlaşma olan və ağla ilk gələn metodla nəticə əldə etməyə çalışmışıq. Nəticə isə, həmişəki kimi. Bir çox hallarda çox çalışmağımıza baxmayaraq nəticələrimiz yaxşı olmur. Bir çox şirkətə baxın ətrafınızda. İşçiləri durmadan işləyir amma biznes nəticələri yenə aşağı olur, hətta bir məqamdan sonra, iflas olurlar. Deməli işçinin çox işləməsi yox, işçinin doğru prosesin bir hissəsi olub fayda verməsi önəmlidir
Müştəri nəyə pul verməyə hazırdırsa prosesin yalnız o hissəsi dəyərlidir.
Bir məhsulu istehsal və ya bir xidməti həyata keçirmək üçün 10 addım proses həyata keçirirsiniz. Özünüzə bir sual verin. Bu addımları müştəri görsəydi, hansı addımın mənasız onun üçün əhəmiyyətsiz olduğunu deyərdi? Rəhbərliyə reportların göndərilməsi, daxili prosedurlara uyğun sənədlərin imzalanması, vəs kimi son məhsula dəyər qatmayan və müştərinin buna çəkdiyiniz zəhmətə görə pul verməyə hazır olmadığı məsələlər çoxdur və bu ciddi bir problemdir. Bu problemin həlli isə məhz bizim öz əlimizdədir. Nə qədər ki, biz öz rahatlığımıza və daxili ‘kontrollara’ və digər elementlərə çox yol veririksə proseslərimizdə, bir o qədər müştərimizdən uzaqlaşırıq. Müştərimizə yaxın olmaq və biznes effektivliyinin artırılması üçün istifadə oluna bilən yollardan biri də Lean Six Sigma fəlsəfəsinin tətbiqidir. Yaponiyada əsası qoyulan Lean Six Sigma fəlsəfəsinin artıq bir neçə onillik uğurlu tarixi mövcuddur və mən sizə bunu araşdırmağı məsləhət görərdim.
Beləliklə özümüzə bir sual verək :
Əgər müştəri bizi ayaqda saxlayırsa, şirkətin gəlirini və bizlərin maaşını verirsə, yaxşı olmazdımı ki, biz bütün zəhmətimizi məhz onun istəklərinə xidmət edən proses elementlərinə fokuslandıraq?
Sizi bu sualla və cari proseslərinizlə baş başa buraxıram…
Mövzu üzrə müzakirələr üçün həm burada həm də ki, mənim twitter hesabım üzrərindən apara bilərik. Sizin fikirlərinizi eşitmək mənim üçün çox dəyərlidir və həvəslə onları bir bir incələyib cavablamağı özümə borc bilirəm.
Twitter : imranbaghirov