Biznesinizin düşməni olan 8 tullantı növü

Hər şirkətdə 2 şeyi axtrıram. Səmimiyyət və keyfiyyətə yönəlik idarəetmə. Bunlar çox önəmlidir. Bəlkə də, deyərsiniz ki, strategiya daha önəmlidir, amma, inanın ki, səmimiyyət olmasa strategiyanın mənası qalmır. Keyfiyyətə yönəlik idarəetmə olmayanda isə həmin o strategiyanın icraatı axsayır və ya ümumiyyətlə yarımçıq qalır. Azərbaycanda hal hazırda rəqabət mühitinin artması və şirkətlərin daha effektiv olmağa məcbur olduğu dövrdə düşündüm ki, keyfiyyətli idarəetmə mövzusu olan 6Sigma çərçivəsində (Lean 6Sigma) öz fikirlərimi bölüşüm və bizneslərimizin istifadəsinə yararlı bir material olsun.

Uzun müddətdir ki, üzərində çalışdığım 6Sigma metodologiyası üzrə Master Black Belt dərəcəsinin mənə təqdim olunması həqiqətən də mənim üçün çox önəmli bir hadisə idi. Burada bu sevincimi paylaşanda sizlərin saysız hesabsız təbriklərinizə görə sizə təşəkkür etmək istəyirəm. 6 Sigma əslində bütün dünyanın bildiyi, lakin yapon şirkətlərinin gündəlik iş prinsipi olan bir mədəniyyətdir. Yaponlar çox çalışqan və keyfiyyətə yönəlik xalq olduqlarına görə onlar üçün bu mövzu çox yüksək dərəcəlidir. Hətta özünüz özünüzdən belə soruşsanız əmin olarsınız ki, ‘Made in Japan’ sözləri bizim beynimizdə ‘keyfiyyət’ stereotipini getirir ve bu tesadüfi deyil.

Gəlin keçək məsələmizə. Biznes proseslərində 8 tullantı növü var və əminəm ki, hər biznesdə olduğu kimi, sizin biznesinizdə də onlardan var. Tullantı dedikdə bizim tərifimiz məhz budur ki, son müştəri üçün həmin prosesin dəyəri yoxdursa həmin proses elementi bir tullantıdır. Məsələn – Proses olaraq qələm istehsalını götürsək, prosesin son müştərisi bir ofis işçisidir. Ofis işçisi üçün o qələmin istehsalı vaxtı zavod müdirinin sənəd imzalamasi və ya o qələmin bir nöqtədən o biri nöqtəyə aparılması, anbarda saxlanılması, mağazada yerləşdirilməsi və s prosesləri heç bir dəyər yaratmır. Dəyər yaradan proseslər yalnız qələmin özünün istehsalıdır. Mürəkkəb, plastik və kağıza toxunan hissənin bir araya gətirilməsidir.

Bu nöqtədə sizə 2 xəbərim var. Biri yaxşı, biri isə pis. Pis xəbər odur ki, real dünyada bu tullantılardan biznesinizi 100% aradan qaldırmaq mümkün olmayacaq. Yaxşı xəbər isə odur ki, 6Sigma metolodologiyasını istifadə etməklə siz bu tullantıların ciddi bir həcmini azalda bilərsiniz və beləliklə şirkətinizi çox daha effektiv (az xərclə daha çox gəlir gətirən) bir biznesə çevirə bilərsiniz. Şirkət sahiblərinin istədikləri bu deyilki bəs ? Daha rəqabətə davamlı şirkətlər məhz bu şirkətlər deyilki ?

Biznes proseslərinizdə aşağıdakı tullantı növləri vardır-

1. İstehsal defektləri

Bu tullantı tipi məncə ilk ağla gələndir. Siz məhsul və ya xidmət istehsal edirsiniz və son istehsal olunmuş məhsul müştərinin tələb etdiyi xüsusiyyətlərə malik olmadıqda o məhsul defekt sayılır.Nəticədə siz o məhsulu sata bilmirsiniz. Halbuki, həmin defektli məhsulun istehsalına çoxlu zaman xərcləmişdiniz. O israf oldu. Bundan əlavə, əgər həmin defekti düzəldə bilərsinizsə, bu düzəldilmə işinə sərf edilən zaman ve resurs hamısı israfdır. Bütün istehsal olunan məhsulların tam keyfiyyətli olması hər kəsin arzusu deyilmi ?

6Sigma metodologiyasının məqsəd olaraq qoyduğu keyfiyyət dərəcəsi 1 milyon istehsal olunmuş məhsul arasında cəmi 3-4 ədədində defektin olmasıdır. Belə bir keyfiyyət standartına yetişən şirkətlərin nə qədər rəqabətdə güclü olduğunu təsəffur edirsiniz yəqin ki…

2. Tələbdən çox istehsal

Bəli. Çox istehsal edib ambarı doldurmaq o qədər də ağıllı addım deyil biznesdə. Yaponlar da bunu sevmirlər. Ən ideal proses odur ki, müştəri istədiyi anda istehsal olunub və müştəriyə təqdim olunsun(Pull vs Push process). Real dünyada bu tam olaraq mümkün olmasa da bəzi şirkətlər bu mövzuda çox irəli gediblər. Məsələn Tesla avtomobilini sifariş etmək istəsəniz , saytdan bunu edəcəksiniz və bu sifarişi qəbul edilən halda tam sizin istədiyiniz Tesla istehsal olunur. Minlərlə Tesla avtomobili heç vaxt istehsal edilib böyük ambarlara yığılmır və ya salonlarda alıcılarını gözləmirlər.  Əlavə istehsal olunmuş məhsul satılmama, xarab olma, saxlanma, hərəkət etdirilmə, təhlükəsizlik və digər mövzularda əlavə risklər yaratması bir daha bunun nə qədər riskli bir tullantı olduğunu sübut edir.

3. Gözləmə

Ən populyar tullantı. Əgər siz bir qələm istehsal edirsinizsə, onun istehsalını 3 nəfər ardıcıl edirsə və hər bir adam həmin qələmin müəyyən hissəsini düzəltmək üçün öz aralarında gözləmə ilə üzləşirlərsə bu gözləmə müddəti tullantıdır. Düşünün ki , bir nəfər qələmin bütün hissələrini özü düzəldir və üç fərqli proses arasında gözləmirsə, həmin qələmin istehsalı çox sürətli olmazmı ? Gözləmənin başqa misallarından – imza, təstiq, yoxlama, yüklənmə gözlənməsi və s. Hətta məhsulu mağazaya qoyub onu müştəriyə təhvil verənə qədər sərf etdiyiniz vaxt bir gözləmə tullantısıdır və sizin biznesinizi tam effektiv olmağa imkan vermir. Bir düşünün, sizin biznes proseslərinizdə nə qədər gözləmə var ?

4. Talantların aşağı utilizasiyası

Ətrafınızda nə qədər insanlar var ki, iş mühitində şirkətlərinin onların bilik və bacarıqlarından yetərincə istifadə etmədiklərindən şikayət edirlər? Həm şirkət o bilik və bacarıqları tam olaraq istifadə edə bilmir , həm də, onlar da qeyri məmnun olurlar. Belə işçilər uzunmüddətli olaraq şirkətlərdə qalmırlar və qalsalar da, öz bilik və bacarıqlarını zamanla itirmiş olurlar. Deməli məsələmiz belədir-  Əgər çox bilikli insanları işə götürüb onlara yaxşı maaş veririksə əmin olmalısınız ki, onların bilik və bacarıqlarından tam effektiv istifadə edirsiniz. Əks halda bu sizə əlavə bir tullantı qismində geri dönüb biznesinizin effektivliyinə xələl gətirəcək.

5. Transportasiya

Transportasiya həyatımızın çox kritik bir hissəsinə çevrilib. Bir məhsulun xammalını bir nöqtədən digərinə aparmaq, həmin nöqtədən sonra bir neçə istehsal obyekti arasında hərəkət etdirmək və sonra da zavoddan mağazaya aparmaq sizcə son müştəriyə bir dəyər yaradırmı? Xeyir. Bu sizə xərc hədiyyə etsə də, müştəriyə isə heç bir dəyər yaratmır. İdeal olmazmı ki, istehsal tam müştərinin yanında olsun və heç bir transportasiya olmasın  ? Realda bunu etmək o qədər də asan olmasa da transportasiyanı minimallaşdırmaqla proseslərin effektivliyini artırmaq olar. Çox tanınmış bir çox yapon restoranlarında mətbəx tam müştərinin qarşısında olur və aşbaz yeməyi hazırladıqdan sonra biləvasitə müştərinin qarşısına qoya bilir. Bu həm bir mədəniyyət nümayişidir, həm də ki, ofisiant xərclərinin və əlavə zaman itkisinin qarşısını alır.

6. Ambarda yığılmış məhsul

Bundan əvvəl qeyd etdiyimiz kimi, əlavə istehsal anlayışının başqa bir nəticəsi də baş verir. Bu da ondan ibarətdir ki, əlavə istehsal etdiyiniz məhsulu saxlamaq, təhlükəsizliyini və keyfiyyətini qorumasını təmin etməlisiniz. Bu isə son müştəriyə heç bir dəyər yaratmır. Bundan əlavə həmin ambardakı məhsulu satıb satmayacağınızı da bilmirsiniz. Mən öz təcrübəmdə dəfələrlə görmüşəm ki, şirkət sahibləri aciz bir şəkildə ambarda yığılmış məhsulları satmağa çalışırlar və hər keçən gün həmin məhsulların keyfiyyəti aşağı düşür və saxlanma xərcləri artır.  İdeal şirkət odur ki , onun ambarı yoxdur.

7. Hərəkət

Transportasiyadan fərqli olaraq Hərəkət tullantısı daha çox kiçik həcmdə baş verən və əsasən istehsal edənin-istehsal olunan məhsulun istehsal prosesi zamanında hərəkətini nəzərdə tutur. Məsələn əgər qələm istehsal edən adam istehsal alətləri hərəsi bir yerdədir, və onları istifadə etmək üçün bir nöqtədən digərinə gedir və buna zaman və resurs sərf edirsə bu tullantıdır. Məhsul və ya onu istehsal edən nə qədər çox hərəkət edirsə bu və ya digər prosesi həyata keçirmək üçün, bir o qədər problemli bir posesdir deməkki. Bu tullantının çox azaldılması üçün 5S prinsipi istifadə edilir. Bu prinsipin qısa xülasəsi – ‘Hər şeyin öz yerində və əlçatan olması’ – dır. Mətbəxdə yemək bişirmək üçün soyuducu , su kranı və ocaq arasında hərəkətinizə bir nəzər yetirin. Bu, gündəlik həyatda hərəkət tullantısının bariz nümunəsidir. Hər şey bir əl uzağlığında, öz yerində və səliqəli bir şəkildə olması nə qədər də effektiv olardı, elə deyilmi ?

8. Əlavə emal

Bəzən müştərinin bizdən istədiyindən və ya lazımından daha çox məhsul üzərində çalışırıq. Halbuki, bu əlavə işlərin müştəri tərəfindən bir dəyəri yoxdur, amma, sizə xərclər gətirir. Məsələn , kimyəvi təmizlənmə üçün verilmiş bir pencək misalına baxsaq. Kimyəvi təmizlənmə edildikdən sonra müştəriyə verilməmişdən əvvəl bir daha onun təmizlənməsi müştəri üçün əlavə dəyər yaratmır . Artiq təmiz olan pencəyi ikinci dəfə təmizlənməsinə ehtiyac yoxdur. Yox əgər tam təmiz deyilsə, o halda bu o deməkdir ki, təmizlənmə prosesində keyfiyyət defekti var. Bu isə bizim burada qeyd etdiyimiz birinci tullantı kateqoriyasına girmiş olur. İstənilən halda bir iş bir dəfə görülməlidir artıq müştərinin ehtiyacına uyğun bir halda olmalıdır. İdealı budur.

======================

Suallarınız və mövzu ilə əlaqədar fikirlərinizi eşitmək çox dəyərli olardı. Onları burada qeyd edə bilərsiniz.

Eyni şəkildə, twitter üzərindən də peşəkar müzakirələrimizi edə bilərik. Əsas məqsədimiz çalışdığımız və uğurlu olmasını istədiyimiz şirkətlərin öz məqsədlərinə çatmasıdır.

Twitter – @imranbaghirov

Sizin öz bizneslərinizlə əlaqədar xüsusi məsələlər varsa, konfidensiallıq nöqtəyi nəzərdən biləvasitə məktub olaraq yaza bilərsiniz.- imran@baghirov.com

Hərkəsə uğurlar !

%d bloggers like this: