3.0
Ənənəvi ad günü xülasəmi məndən soruşanlar var. Bu məni sevindirir. Sanki bu illik yazılarımla kimlərəsə faydalı ola bilirəm. Öncə də yazmışdım ki, faydalı ola bilmək hissi əladı. Onu mənə yaşatdığınız üçün təşəkkürlər.
Bir neçə gündür beynimdə xülasə edirdim ki, ən önəmli nələr öyrəndim, nələr dəyişdi? Bu dəfə biraz çətin oldu mənə xülasə etmək. Çünki, başqa illərdə daha çox artım dəyişiklik(incremental change) varkən, bu il kökündən dəyişiklik (disruptive change) baş verdi. Dəyişikliklərin köklü olması, bütün istiqamətləri əhatə etməsini nəzərə alaraq bunu 3.0 versiyası kimi dəyərləndirirəm. Nəyə görə 3.0? Bes 2.0 nə idi? Bu suallarınızın olacağına əminəm. Bunu da məqalə içində anlatacağam.
1.0, 2.0, 3.0 izah edim
İnsan doğulanda iki əsas giriş dəyişən ilə doğulur. Genləri və doğulduğü mühit (ailə, ölkə, mədəniyyət və s). Genlər yox amma mühit dəyişir və biz bunun içində yetişirik, qovruluruq, dəyər qazanırıq və dəyər itiririk. Nəticədə, giriş dəyişənlərinin hər birindəki kiçik dəyişiklik düşünən insan üçün daha böyük dəyişiklik gətirə bilir. Bəşəriyyətdə hər şey sabitdən dəyişikliyə (xausa) can atır, insan da bunların təsirində hər keçən gün dəyişir. Məhz doğulduğümuz andan öz kökü üstə, sabit, gözlənilən və ardıcıl inkişaf dövrünə 1.0 deyirəm. Buradakı sabit, gözlənilən və ardıcıl sözləri həm də onu ifadə edir ki, cəmiyyətdə və ailədə fərd olaraq sən avtopilot rejimindəsən və hərkəsdən birisən. Hərkəsin getdiyi istiqamətdəsən və cəmiyyətin prinsipləri aşağı yuxarı sənin də prinsiplərindir. Məndə bu dövr 27 yaşına qədər davam etdiyini düşünürəm. Məktəb, universitet, iş, karyera, yuxarı, daha çox, daha güclü və s. Ağlınıza gələn klassik bir həyat düşünün, yaxşı oxudu, yaxşı yerdə işləyir, inkisaf edir, əhvalı yaxşıdır. Amma, qarşıda 2.0 versiyası vardi.
2011 ci ildə işlə əlaqədar Nepala gedib orada Ncell operatorunda layihə həyata keçirmək imkanı oldu və yaxşı ki, onu dəyərləndirdim. Mənim düşüncəmdə , fikirlərımdə və həyata baxışımda ciddi dəyişikliyə səbəb oldu. Ona görə də bundan sonrakı dövru 2.0 kimi nəzərə alıram. Deyəcəksiniz ki, bəs nələr dəyişdi? Orada 1 il qalmağım, Bakıdakı mühitdən uzaqlığım, fərqli insanları görmək, onların dəyərlərini və həyatlarıni anlamaq mənim üçün fərq yaratdı. Ambisiyalar yerini hədəflərə verdi. Stres yerini sabitliyə verdi. Ən əsas da bir birinə iç içə girmiş şəxsi həyatla iş paralelləri bir qədər ayrıldı və az təsir etməyə başladı. Əsas səbəblərin yanında köməkçi səbəblər də var idi. Elektrikin günün az bir hissəsində verilməsi, təbii mühit, ekoloji tərəvəzlər, açıq havada daha çox vaxt, kitab oxumaq üçün imkanların çox olması və s.
Qayıtdıqdan sonrakı dövrdə yeni daxili sistemimlə həyata davam etdim. Artıq daha rahat idim amma getdiyim yol eyni olaraq qalırdı. İş , karyera, iç xoşbəxtlik və s. Dünya insanlarının əsas istifadə etdiyi yol. Yenə nələrsə dəyişəcəkdi, amma bunun üçün zaman və təcrübə lazim idi. 3.0 in baş verməsi üçün səbəblər, zaman və məkan lazim idi.
3.0 dan öncə hazırlıq
Oxuyarkən düşünə bilərsiniz ki, bu nədir belə nömrələmisən və sanki böyük bir hadisələri anlatırsan. Doğrudur. Nömrələmədən də nağıl kimi də yazmaq olardı, amma, fərqində olmaq və dəyişikliklərin ölçülərini özüm üçün dəyərləndirmək üçün versiyalama mənim ağlıma gələn məntiqli metod oldu. Sağolsun texnologiya dünyası. Proqramların versiyalarının nömrələnməsi təcrübəsi düşünürəm ki, insanlar üçün də faydalıdır. Necəki, təzə versiyada olan fayl proqramın köhnə versiyasında açılmır, insan da dəyişmədən (yüksək versiyaya yenilənmədən) yeni dəyərləri anlamaqda çətinlik çəkir. Mən də dəyişdikcə , yeniləndikcə yeni həqiqətləri anlamağa çalişdım.
Əsas narahat edən məsələ – “biz nəyə görə yaşayırıq?” – sualı və bunun davamı olan “necə edim ki, fərqli olsun?” – düşüncəsi idi. Daha sonra “fərqli” ifadəsini anlamağa çalışdım. Hər canlı qarşıdan gələn həyatının sonunu (haçansa həyat bitəcək) düşüncəsi qarşısında maksimum ömrünü uzatmağa və bununla yanaşı çoxalmağa çalışır. Biz insanlar isə şuurlu varlıqlar olduğumuz üçün baza instinktlərindən əlavə nələr edə bilərik deyə düşünürük. Mən özüm üçün bu dəyərin – “insanlara və insanlığa faydalı ola bilmək” olaraq qərar vermiş oldum. Haşiyə: – Kod sözü “Gia2203” kimi yadda saxlayın. Mənə bunu yazarsınız və sizə Udemy də Lean Six Sigma tədrisimi hədiyyə edəcəyəm.- Davamı: Bu mövzuda əslində öncəki illərdə yazdığım doğum günü yazılarımda vardır. Əgər bu və bunun yanındakı dəyərlər/qərarlar haqqında oxumaq istərsəniz o yazıları bu bloqda tapmağı tövsiyyə edirəm.
Həmin yazıların hər birində müxtəlif məsələlərə toxunmusam. Üst üstə gəlincə isə 3.0 a hazırlıq dönəminin əsası imiş. Təbii ki, bunun fərqində deyildim. 3.0 ın varlığını belə bilmirdim. 2015 ilindən etibarən fərd olaraq her mövzuda özümə suallar verirdim. Ondan əvvəl bir çox məsələləri olduğu kimi qebul edirdim. Amma artiq elə deyildi. Şəxsi dəyərin və korporativ dəyəri özüm üçün ayirmağa calışdım. Məsələn suallardan biri o idi ki, İmranın dəyərinin necə faizi onun işlədiyi Azercell şirkətinə görədir və neçə faizi özünə aiddir. Bir çox insanın şirkət xaricində tam dəyərsiz olduğunu bilirik və belə olan halda mənim tətbiq etdiyim əsas qaydanın – “Şəxsi inkişafınızı, uğurunuzu korporativdən fərqləndirin” dəyərini real olaraq hiss etmiş oldum. Əsas dəyərimiz, ferd olaraq dəyerdir. Şirkətlər, təşkilatlar xəyaldır.
Başqa prinsipial mövzu isə pul və ya arzular/dəyərlər dilemması olmuşdu. Çox hallarda bunların ikisini də eyni zamanda seçmək imkanı olmur. Ya yalnız “pul hardadır mən ordayam” fikri ilə qərarlar verirsən ya da ki, “burda mənim dəyərlərim və arzularım reallaşır” düşuncəsi ilə irəli gedirsən. Bu dönəmdə pul mövzusunda çox yaxşi təkliflər gəlsə də (çoxuna axmaqlıq kimi gəlir, bilirəm) mən dəyərlərim mövzusunda mənim hədəfimə (“insanlara və insanlığa faydalı ola bilmək”) daha çox uyğun olan qərarlar verdim və bundan da son dərəcə xoşbəxtəm. Səbəb? Ağıllı insanlar pulu hər zaman qazana bilər, ama, doğru zamanda doğru yerdə olmaq çox insanın həyatını yaxşıya dəyişə bilər. Bunu hiss etmək belə məni çox xoşbəxt edir.
35ci ilimdə də nələr baş verdi?
35 yaşı yazımda özüm də fərqində idim ki, çox böyük dəyişikliklər ilə üzbəüzəm. Özüm onu oxuduqda başa düşürəm ki, nə qədər önəmlı mövzulara toxunmuşam və onların hər biri üzrə nə qədər nə qədər addım atmışam. Bu yaşa orta yaş da deyirlər və bir çox hallarda orta yaş krizisi göstəricisi kimi də bilinir. Ona görə düşünürem ki, həm bioloji həm də ki, mental inkişafın nəticəsi idi ki, bunlar bir bir baş verməyə başladı.
Ardıcıl olmayan siyahıya düzdəm :
- 13 il işlədiyim Azercell şirkətindən ayrıldım. Əhliləşmiş canlı vəhşi təbiətə çıxmaq qərarı vermisdi.
- Başqa korporativ təkliflərə yox deyib, öz arzularımın dalıyca getdim. Stresli idi mi? Bəli.
- Həyatımda olan bütün sabit daşları sorğuladım, tərpətdim. Hətta qol saatımı belə sağ ələ taxmaq qərarını verdim.
- Ağıllı insanları axtardım. Çoxlu maraqlı insanla tanış oldum. Hər biri mənim həyatımda iz qoydu və demək olar ki hamısı ilə əlaqə saxlayıram.
- Övladlarım qarşısında mesuliyyətimi bir daha dərk etdim, qərarlarımda ən irəliyə qoydum.
- Dəliliklər, səhvlər , etməyib ağlımda olanlar üçün özümə şans tanıdım.
- Heç kimin mənim həyatıma və qerarlarıma təsir etməyə və fikir söyləməsinə imkan vermədim. Ən yaxınlarımın belə.
- Direkt ve semimi olmağın dəyərini, çox az hallarda isə acısını yaşadım.
- Özümü yeni sahələrı öyrənməyə məcbur etdim. Texnologiya mərkəzini qurmaq üçün təmir və tikintini də öyrənmiş oldum. Qardaşım anama mənim haqqımda “Sənin oğlun ali savadlı ‘prorab’ olub deyir” :))
- İlk dəfə checkup rutinində həkim dostum mənə “Psixoloqu da sənə yazıram” demişdi. Fərqində olmadan depressiyaya da girmişdim. Beləliklə həyatımda ilk psixoloq ziyarəti də etmiş oldum. O qədər danışdıqdan sonra dedi ki, normal yat, hər şey yaxşı olacaq. :))
- Həftədə 5 km uzmək və 1 kitab oxumaq disiplinini saxlamağa calışdım. Axsamalar olsa belə bu tempin faydalarını gördüm.
- Pul haqqında bilmədiklərimi öyrendim.
- Həftə içi, tək, rayon meşəsinə gedib oturub zaman keçirdim. Kitab oxudum. Axırda da meşənin sahibi, ilan gəldi və mən gedəsi oldum. 🙂
- İnnovasiya sahəsində tərəfsiz olmağa çalışdım. Hərkəsi birləşdirməyə çalışdım.
- Üzümdə saqqal saxlamağa başladım, saçımı qısa formaya keçirdim.
- Şəxsi avtomobil olaraq “yekə maşın” əvəzinə ucuz, ekonomik və bizim insanlar tərəfindən “ütü” 🙂 adı qoyulan lakin mənə texnologiyası cəhətdən çox doğma olan “Prius” sürməyə başladim. Anam hələ də məni görəndə “işlərin düzəlsın, böyüyünü al” deyə arzu edir :))
- Elektrik skuterlə uzun məsafələr getdim. Keçən il 400 km məsafəni keçmiş oldum. Məni skuterdə görənlərin üzlərindəki gülümsəmə və beyinlərindəki sualların fərqinə vardim.
- Və s
Belə bir siyahıya baxanda əsas istiqamət sabit qalması ilə bütün digər mövzularda dəyişiklikləri yaşadığımı hiss edirəm. Bunları yazmaqla həm özümə xülasə edirəm həm də ki, baş verənlərdən çıxardığım nəticələri sizinlə paylaşmaq istəyirəm.
3.0 ın əsas imkanları və funksiyaları
“Niyə də yox?”
Eksperimentlərə açıq olmaq. Sorğulamaq və məsləhətlər almaq. Beynimin içində qapalı olan və heç zaman açmadığım otaqlara girmək, orda işıq yandırmaq və təcrübələr edərək anlamağa çalışmaq. Uğursuzluqlar muqaisədə baxsaq təcrübə üçün ortaya qoyulan cəsarət və uğurların qarşısında gözü kölgəli qalır. Odur ki, tabuları bir bir yıxmaq üçün niyə də yox düşüncəsi həmişə faydalıdır.
Davamlı oxumaq, dinləmək, izləmək
Qeyd etdiyim kimi, həftəyə 1 kitab oxumaq hədəfi çox cazib gəlir mənə. Buna ayaq uydurmağa çalışıram. Bəzən alınır bezən alınmır. Ama getdikcə daha yaxşı idarə etdiyimi düşünürəm. Gündəlik ortalama Youtube,Podcast izləməm, dinləməm 1 saatdan çoxdur. Çoxu yol gedərkən səsini dinlədiyim TedEd, TedTalks, Engineering, Technology, Documentary mövzulu videolar və ya podcastlardır. Hərdən də youtube nin mənə məsləhət verdiyi gülməli , həm də ferqli mövzuları da dinləyirəm. Fərqli sahələrdə nə qədər çox öyrənsək o qədər haçansa o nöqtələri birləşdirmək şansı olur.(Stiv Jobs – “connecting dots”). Eyni zamanda ağıllı insanların (yaşı , peşəsi və ya başqa xüsusiyyətlərindən aslı olmayaraq) mühitində olmaq və onları dinləmək, suallar vermək çox fayda verir. Bəzən bizim bəynimiz bizdən statusca və ya yaşca kiçik insanları dinləməyə bilir. Amma belə etməyin. Bunun çox faydası var olduğunu hiss edirəm. Bir zamandən sonra öyrənmə aclıği yaranır. Heç nə öyrənməyən gün yatmaq istəmirsən.
Səmimilik və direktlik
Acı həqiqət və şirin yalan müqaisəsini bilirsiniz. Acı həqiqət və uzatmadan anında demək bəzən kobudluq kimi və ya ritualların pozulması kimi qələmə verilsə də, səmimi şəkildə durumu izah edib, reallığı tam çılpaqlığı ilə ortaya qoymağın faydalarını görmüşəm. Bu fayda biznesdə də, şəxsi həyatda da çox faydalıdır. Qarşındakı insanla açıq kartla oynayırsan və güvən göstərirsən. Güvən göstərənə də cavab adətən güvən olur. Odur ki, səmimilik və direktlik önəmli bir bacarıqdır.
Böyük və geniş düşünmək
Gündəlik həyat bizi məcbur edir ki, kiçik məsələləri həll edək. Bunu da çoxlu etdikcə hardayıq nə edirik, niyə edirik sualları cavabsız qala bilir. Ona görə həftədə zaman ayırıb böyük , qlobal düşünmək üçün şans tanımaqda fayda vardır. Zatən özünüzü inkişaf etdirmək üçün oxuyursunuzsa , dinləyirsinizsə, izləyirsinizsə və bu seanslardan sonra böyük və qlobal düşünmürsünüzsə zamanınızı sanki israf edirsiniz deyə düşünürəm.
Güvənmək hissini inkişaf etdirmək
Məni taniyanlar bilir, özüm də ferqindəyəm ki, emosional, hissi cəbhədə o qədər də güclü deyiləm. Bəlkə də texniki özkeçmiş, bəlkə də soyuqqanlılıq elə nəticələrə gətirib çıxarır ki, insanlarla soyuq baryer yaranır və hərkəs o baryerin digər tərəfində qalmış olur. Bu ilk baxışda özünü qoruma adına çox yaxşı olsa da geniş baxdıqda fəsadları olmuş olur. Əsasən bugünki dünyada komanda məvhumunun, qarşılıqlı güvən və anlaşmanın uğurun əsas prinsipi olduğunu bilirik. Güvənmə hissini isə getdikcə öyrətmək lazımdı. Zamanla bu hissiniz effektiv olacaq və doğru bir şəkildə emosional və güvən bağları qurub işlərinizi həyata keçirə biləceksiniz.
Xülasə
Bu uzun yazını səbrlə oxuduğunuz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizə fikirlərinizin formalaşmasında , təstiqində və inkarında faydası toxunmuşdur. Mənimlə bu mövzularda danışmaq və fikirlərinizi bölüşmək istəyirsinizsə mənə hər zaman twitterdə @imranbaghirov adresində yaza bilərsiniz.
Salamat qalın.
Hər kəs 3.0 versiyasının arzusunda deyıl.çox güman bu1.0 versiyasının təsirindəndir!