Artıq bu bir adətə çevrilib. Hər il doğum günümdə özüm üçün bir xülasə yazıram. Bu xülasədə əsas məqsədim bu yaşımda öyrəndiklərim və gəldiyim nəticələrdir. Bunları sizlərlə də paylaşıram ki, bəlkə də kiməsə maraqlı olar və ya faydalı ola bilər. Kim bilir? Onsuz da biz insanlar bir birimizə çox bənzərik. Demək ki, düşüncələrimizdə də uzlaşmalar və ya fərqliliklər olacaqdır.
Fikirlərimi 7 başlığda vurğulayacağam. Hər biri düşüncəmin bir hissəsini əks etdirir. Gəldiyim nəticələrdə bəzi real hadisələr rol oynamışdır. İnsan və məkan adlarını anonimləşdirərək onları da sizinlə paylaşacağam.
35 ci il necə keçdi ?
Bəlkə də bu il qədər yuxarılı aşağılı dövrüm heç vaxt olmayıb desəm yanılmaram. Hər anlamda, həm mənəvi, həm düşüncəvi, həm biznes həm də ki, fiziki tərəfdən çubuğun bir tərəfindən digər tərəfinə gedib gəlmişəm. Özümdən soruşanda deyirəm ki, “mid-age crisis” (orta yaş krizisi), amma, bəzi dostlar deyirlər ki, mid-age crizisə hələ var. Amma məncə bunun yaşı yoxdur. Hərkəsdə aydınlanma, özünü daha yaxşı anlama, dəyərlərini yenidən götür-qoy eləmə yaşı fərqli olur. Bəzilərində isə bu hadisə heç baş vermir də. Necə çal çağır ilə gəlibsə eləcə də davam edir. Odur ki, 35 ci ilimə çox minnətdaram. Məni yeni bir səviyyəyə qaldırdı. Asan olmadı, amma, indi özümü daha əmin, daha güclü hiss edirəm.
57ci faizi necə hesablamışam?
Dünya əhalisinin neçə faizindən böyük, neçə faizindən kiçik olduğunuza baxıb bunu deyə bilərsiniz. Bunun üçün çox sadə bir sayt var ki, siz də orada öz ad gününüzü yazıb dünya əhalisinin heçənci faizində olduğunuzu görə bilərsiniz. Bəli, dünya əhalisinin 57 faizindən , Azərbaycan əhalisinin isə 55 faizindən böyüyəm artıq. Hər keçən gün sənə müəllim, bəy, hörmətli və s. deyənlərin sayı artır. Optimist rəqəm olduğunu ona görə qeyd edirəm ki, bütün bu rəqəmlər statistik göstəricilərdir və mənim üçün real rəqəmin nə olacağını Allahdan başqa heç kim bilmir.
Keçək əsas məqamlara :
Yaxşı insanlar güclü və varlı olmalıdırlar
Bizim uşaqlığımız fərqli mühitdə olduğu üçün həmişə pul mövzusunda mövqeyimiz fərqli olub. Bir neçə nəsil müəllim ailəsi, həyata akademik baxış və nəticə olaraq biz də məhz elm və nailiyyətlərə fokuslanmışıq. Həyatın ilk dönəmlərində biznes həyatında elm və bacarıqların səni digərlərindən nə qədər irəli apardığının fərqində olmuşuq. Həm də qəbul edim ki, universitetin 1 ci kursunda Bakiya qatar ilə gələn, bir neçə il yataqxanada qalan və burada yerləşib burada həyat qurmaq qismət olmasının bir hissəsi çalışqanlığımız digər hissəsi ilə Allahın qisməti olub. Çünki paraleldə tapşılıqlı, imkanlı ailənin övladları var və onlar artıq yarışa səndən bir neçə addım öndə başlayırdılar.
İndiki gəldiyim 35 ci ilimdə isə onu anladım ki, artıq bu yaşda bilik və bacarıqdan daha çox insanı irəli aparan onun bank hesabındakı rəqəmlərin sayıdır. Gəlin bu hissəni biraz daha izah edək. Çünki, çox hallarda insanlar bunu səhv başa düşə bilirlər. Bu yaşda sən istəyirsən ki, etdiyin fəaliyyətlər 1x deyil 100x olsun. Yəni eyni gördüyün iş ilə çox pul qazanasan. Ona görə yox ki, bahalı villan, bahalı maşınların və s. olsun. Ona görə ki, iqtisadiyyatda olan gəliri yaxşı insanlar əldə etməlidirlər ki, o pullar yaxşı işlərə yönləndirilsin. Bir yaxın dostumla bu mövzuda çoxlu diskussiya etmişik və düşünürəm ki, onun bu mövzudakı düşüncələri mənim bu mövzudakı mövqeyimin bu şəkildə inkişafına çox təsir edib. Bütün dostlar sağ olsunlar. Yoxsa ölkəmdən qazanılan pul ilə xarici avtomobili AVRO ilə almaqla biz ölkəmizin varını ölkəmizdən çölə daşımış oluruq.
Gəlin razılaşaq ki, biz birlikdə çalışa bilmirik. Komanda olaraq işləyə bilmirik. Məsələdə də odur ki, individual uğur əsasında yetişdirilmişik. Məhz bizim pərakəndəliyimiz böyük uğurların baş verməsinin qabağını alır. Ona görə də, güclü və varlı olmaq üçün ətrafımızda olan, bizim düşüncələrimizdə bizə yaxın olan insanlarla birlikdə çalışmaq və böyük uğurlara birlikdə getməyi öyrənməyimiz lazımdır.
Yaşıdlarının qəbr üstünə gedəndə anlayırsan
24 saat içində əmim oğlumu və dayım qızımı itirdik. İlk xəbər eşidiləndə, ağırlıq, dərin nəfəs almaq və daha sonra qaçaqaç. Dəfn, qəbir üstü, basdırılma, dualar, palçıqlı ayaqqabılar, yas mərasimi, qohumlar, həyatın acizliyi və s. bir anda intensiv olaraq baş verir. Qəbr üstündə durarkən fərqində olursan ki, qəbrin içində olan sənin doğma insanın təqribən sənin yaşında idi və hansısa xüsusi etdiyi səhvi və ya günahı yox idi. O orada sən isə ayaq üstündəsən. Onu yola salırsan. Kiminə yaxşı , kiminə pis olduğu hələ bilinmir doğrusu, amma, bu dünya perspektivindən baxdığımızda biz daha yaxşı vəziyyətdə olduğumuzu anlayırıq. Amma bunu yanında məsuliyyətimizi də anlayırıq.
Əgər biz sağıqsa, salamatıqsa, demək ki, daha çox insanlara faydalı olmalıyıq. Çünki, onsuz da haçansa bizi də beləcə gətirib burada qoyub gedəcəklər. Bəli, çoxu anlamır, amma, əminəm ki, qəbirdə olan adam üçün bizim qolumuzdakı saatın və avtomobilimizin istehsal ili heç də önəmli deyil. Yaşıdlarımızın olması isə onu pıçıldayır ki,
ey İmran, çox da sinənə döymə, bax, sən də burada ola bilərdin və səni heç nə fərqləndirmir.
Qəbr üstündən qayıdanda yolda adətən iki istiqamətdə beynim düşünürdü. Necə etmək olar ki, geri qalan həyatımda daha çox faydalı ola bilim və meni bir gün aparanda mənə yaxşı olsun. İnanclı insan olaraq qəbrin içində olan insanların fərqində olduğuna inanıram.
Limitlər və qorxulara itirməyi öyrənməklə qalib gəlinir
Biz hamımız əməliyyat sistemi kimiyik. Telefonunuzdaki android kimi düşünək. Xüsusilə mənim kimi insanlar xoşlayırlar bu cihazın funksiyalarından maksimal istifadə etsinlər. Məhz ona görə də həmişə telefon alanda brenddən çox həmişə funksionallığa fikir vermişəm. Amma bir məsələ var ki, bir müddətdən sonra yüklədiyiniz proqramlar və istifadə etdiyiniz funksiyalar sizə artıq azlıq edir və daha çox istəyirsiniz. Burada isə əməliyyat sisteminin özünü qoruma rejimləri işə düşür və sizi sizin özünüzdən qorumağa çalışır. Eyni məntiq bizim sürdüyümüz avtomobillərdə də var. Maksimal sürətin elektron limitlənməsi məhz bizi özümüzdən və ya başqa çür desək öz axmaqlığımızdan qorumaq üçün nəzərdə tutulub. Bura qədər hər şey məntiqli və qaydasında görünür. AMMA, hər şey bu qədər asan deyilmiş.
Buradan bizim həyatımıza paralel çəksək, eyni qaydada uşaqlığdan bizim əməliyyat sistemimizdə yüklənmiş limitlərin olduğunu görərik. Bəzi limitlər ta uşaqlıqdan bizimlədir, bəziləri sonradan qazanmışıq, bəziləsi isə yaşadığımız hansısa hadisə və ya təcrübəmizdən sonra ortaya çıxıb. Qısaca desək, indi oturub hansısa qərarı verəsi olsaq bu limitlərin hər birinin süzgəcindən keçirdib icraata keçə bilərik yalnız. Bu şəkildə davranmaq bir çox insan üçün həyatın norması olmasına baxmayaraq, mən anlamış oldum ki, bir çox limitlər öz dəyərini, effektivliyini itirib, amma sırf mənim bu əməliyyat sistemimdə qaldığı üçün onlarla özümü limitləyirmişəm. Asan olmasa da bu limitləri bir bir test edib söndürməyə qərar verdim. İlk baxışda qorxulu görünsə də , həyatın qısa olduğunu yadına salıb bu limitləri bir bir söndürməyə cəsarət tapırsan. Onsuz da bu telefonun bir ömrü var, ya bu limitlər içində qalıb telefonun ömrünü bitirəcəksən, ya da , telefonun ömrü boyunca onun funksionallığından daha çox faydalana biləcəksən.
Fokuslana bilmək fərq yaradır
2015 ci ildən etibarən korporativ həyatın uzunmüddətli perspektivdə alışqanlıq yaradan bir narkotik vasitə olduğunu anlamış oldum. Bu alışqanlığın təsirindən özümü oyandırmaq üçün isə korporativ zamandan geri qalan zamanımdan bir qədər oğurlayıb müxtəlif fəaliyyətlərə ayırmış oldum. 2016 cı ildən müxtəlif təşkilatların effektivliyinin artırılması üçün layihələr etdim, tədrislər verdim, yeni startaplar təsis etdim, yeni layihələr başladıq, radio aparıcılığına başladım və s. İlk görünüşdə alqışa laiq bir fəaliyyət olaraq görünür, doğrumu? Mən də elə düşünürdüm, halbuki, bir məqamda fərqinə vardım ki, bu fəaliyyətlərin sayı artıq 10 a yaxınlaşır və yetərincə zamanımı aparsa da nəticə etibarı ilə ortaya gətirə biləcəkləri bir şey yoxdur. Daha sonra bir çox tanıdığım insanın qapısına getdim. Xahiş elədim mənə vaxt ayırdılar, sağolsunlar. Onların da geridönüşlərindən hiss elədim ki, mən şəxsiyyət krizisi (identity crisis) içində imişəm. Bu o deməkdir ki, mən fokuslu deyilmişəm və bunun nəticəsi olaraq hansısa nöqtədə daha çox üstünlük üçün zamanım çatmırmış. Çünki zaman bütün bu fəaliyyətlər arasında paylaşılır.
Nəticədə bu mənim üçün bir anlama nöqtəsi oldu ki, fəaliyyətlər içində maksimum 3 istiqaməti/fəaliyyəti saxlamaq lazımdır. Bunun tətbiqi də asan olmadı, çünki, illər boyu zamanını investisiya qoyduğun layihədən uzaqlaşmalısan. Faktiki məğlubiyyətini qəbul etməlisən və etdim. Amma bunu etməklə geridə qalan 3 istiqamət üzrə qalibiyyət ehtimalımı ciddi artırmış olduğunu artıq hiss edirəm. Bu mövzuda mənə öz geri bildirimlərini paylaşan dostlarıma, yaxınlarıma təşəkkürlər.
Yaxşı insanların qədrini gecikmədən bilmək lazımdır
Məni ilk dəfə görənlərin ilk düşüncəsi, nədənsə, “özündən razı biri” olmuşdur. Bir neçə dostum bu haqda mənə paylaşıblar ki, kənardan belə görünürsən. Hətta, korporativ mühitdə bir dəfə eşitdim ki, mənim üçün “qan içən” titulunu istifadə ediblər. Belə hallarda adam bilmir reaksiyası nə olsun. Gedib meydanda hündür daşın üstünə çıxıb, ay camaat mən belə deyiləm demək çıxış yollarından biri olsa da digəri isə bunu qəbullənib, həyatını davam etmək olub. Mən də həmişə düşünmüşəm ki, mən elə deyiləmsə demək elə deyiləm, qoy insanlar nə düşünürsə düşünsün.
Zaman keçdikcə isə bəzi hadisələr mənimlə baş verdi ki, o hadisələrdən sonra insanların mənim üçün nə qədər dəyərli olduğunu və bunun əvəzində , mənim üçün normal kimi görünən davranış əslində onlar üçün soyuqqanlı olan davranışlarımı anladım. Soyuqqanlı ifadəsi mənim üçün açıqlayıcıdır, onlar üçün isə yəqin, kobud və anlayışsız ifadələri olub. Çünki, soyuqqanlı olmaq mənim üçün normal və hətta doğru bir davranış olsa da ətrafımdakı bir çox insan üçün bu tamamilə nəzakətsizlik səviyyəsinin göstəricidir. Odur ki, bu yaşımdan etibarən haqq hər kəsə qarşı biraz daha diqqətli, biraz daha zaman ayıran olmağı qərar verdim və onu həyata keçirirəm. Yaxşı insanlara sahib çıxmaq lazımdır. Onların içində olan pozitivliyi, içimizdə olan özünü sevərlik qarşısında yenilgiyə uğratmamalıyıq.
Ödənişli yaxşılıq ödənişsizdən yaxşıdır
Səhər durub özümə güzgüyə baxanda özümə təşəkkür etdiyim mövzulardan biri də ölkədə innovasiya mühitinin yaxşılaşması üçün əvəz gözləmədən, ümidsiz dedikləri halda, mümkün deyil sədaları altında, siz ümümiyyətlə anlamırsız deyənlərə baxmayaraq, hətta, siz komfort zonasındasınız ifadələrinə etiraz edə edə vətənimə xalqıma fayda verdiyimə inandığım formada çalışmağımdır. Kiçik komanda, kiçik büdcələr ilə böyük dostlar qazandıq və uzunmüddətli layihələrə çalışdıq. Hamı akselerasiya dedi, biz inkubasiya dedik, hamı indi dedi, biz sabah dedik və bu bizim məmnun elədi. Bizə kənardan baxıb axmaq deyənlər də oldu, bəlkə də haqqlıdırlar, amma, bu da bizim vətən qarşımızdakı bir fəaliyyətimiz olsun. Bəlkə də kiməsə faydamız dəyər biz də ona sevinərik. Bu il ərzində ən çox həvəsləndiyim layihələr Beynəlxalq İnformatika Olimpiadasında iştirak edəcək milli komandamızın yüksək səviyyədə hazırlığınını reallaşdırmaq, Beynəlxalq TOM layihəsində əlilliyi olan insanların problemlərini texnologiya köməyi ilə həll etmək və eləcə də, doğma diyarım Lənkaranda açılacaq növbəti innovasiya ofisimiz və buradakı planlarımızdır. Bunları nəyə görə paylaşıram? Çünki bu layihələrin uğurundan mən və ya komandam gəlir olaraq heç nə qazanmayacağıq, buradan biz insanlara faydalı olacağıq və ona görə də rahat rahat paylaşıram.
Amma, bu il ərzində bir neçə hadisə oldu ki, mənim məsələlərə baxışımı bir qədər dəyişdi. Hadisələrdən bir daha çox təsir etdi. Ölkədə məktəblilər üçün yeganə pulsuz yay məktəbi təsis etmişdik. Artıq 3 cü ildir ki, bunu edirik. Hər il yüzlərlə şagird bura muraciət edirdi və onlardan cəmi 50 nəfər seçib onlara bu proqramlaşdırma tədrisini verirdik. Bu il də eyni qaydada baş verdi və əlbəttə, anladığınız kimi, muraciət edən 200 valideyndən keçməyən 150 valideyn ilə çox çətin anlar yaşadıq. Valideynlərdən biri isə, yaxın dostumun dostu olmasına baxmayaraq, övladının keçməməsini həzm etməyib hətta bizə dəstək olan şirkətlərə belə ləkələyici ittiham dolusu məktublar yazdı. Halbuki mənim öz övladım da bu imtahana girmişdi və keçməmişdi. Əgər hər hansı ədalətsizlik olardısa ilk olaraq mənim övladım keçməli idi. Həmin valideyni bir neçə dəfə dəvət etsəm də, heç vaxt gəlmədi. Amma bu layihənin gələcəyi üçün edə bildiyi bütün pisliyi etmiş oldu. Nəticədə mən də qərar verdim ki, məhz bu valideynin zəhmətinə görə gələcəkdə bu kursları ödənişli edək. Onda həm bizə hörmət olar həm də görülən işə.
Bu hadisə və bunun kimi bir neçə tam olaraq ödənişsiz etdiyim fəaliyyətlərin axırında mənim çıxardığım nəticə ondan ibarət oldu ki, bütün etmək istədiyim yaxşılıqlarda həmişə qarşı tərəfin də ödənişini, xərcləməsini zəruri edim. Bu halda haqq etməyən insanlara və təşkilatlara zaman ayırmamış olursan. Zaman ayırdığın insanlar və təşkilatlar da sənin əməyini anlayır və buna hörməti olur. İlk baxışda acımasız görünsə də uzunmüddətli perspektivdə həmişə doğru qərardır.
Əziz dostlarım, bura qədər oxudunuzsa sizə böyük minnətdarlığımı bildirirəm. Bilirəm ki, çox insanın səbri çatmır sona qədər oxusun. Sizə bu mövzuda təşəkkürümü bildirmək üçün – Azərbaycan dilində ilk olan Udemy -də Lean Six Sigma üzrə Sarı kəmər tədrisini (hal hazırda 89 USD yə satılır) sizə dərin endirim (19.9) hədiyyə etmək istəyirəm. Hədiyyəni əldə etmək üçün mənə istənilən sosial şəbəkə üzərindən LANKON_LSS_23 sehirli sözünü yazmağınız yetərlidir. Sizə təşəkkür edib, kodu aktivləşdirəcəyəm. Yaxşı insanlara anında dəyər vermək lazımdır. Bu da mənim sizə kiçik hədiyyəm olsun.
Bu mövzuda fikirlərinizi muzakirə etmək üçün mənə twitterdə yaza bilərsiniz. @imranbaghirov