
Növbəti doğum günü hesabat yazımı sizlərlə paylaşmaq üçün komputerimin önünə keçdim. 32 yaşımdan etibarən son 9 ildir hər il bu yazını yazıb ilk öncə özüm ilə hesablaşmaq, sonrasında isə sizlər ilə bölüşüb bəlkə kimlərəsə faydalı ola biləcək niyyəti ilə bu yazını paylaşıram. Bilənlər bilir, amma ilk dəfə oxuyanlar üçün bəlkə də yeni ola biləcək bir öz özünə müsahibə yazısıdır. Keçən il ərzində olan təcrübələrimi, həm uğuru, həm uğursuzluqları ilə sizlərə paylaşaraq güzgü rolunu da oynaya bilərəm. Bir çoxumuzun bəlkə də dilə gətirmədiyimiz ama bu yazıda rastlaşacağınız məqamlar özəlliklə düşüncə üçün səbəb verəcəkdir.
Bu dəfəki yazımın strukturunu 3 hissədə sizlərə təqdim etmək istəyirəm.
- Son 12 ay ərzində nələr etdim?
- Nələri öyrədim və hansı nəticələr çıxardım?
- Xülasə və irəliyə baxış
Son 12 ay ərzində nələr etdim?
İlk öncə son 1 il ərzində telefonumda olan şəkillərə baxdım. Bənzər və fərqli tərəflər var idi. Öncəki illərə bir qədər daha az şəkil və video var idi. Səbəblərdən biri bu ilin biraz daha intravert havada olmağım ilə izah edə bilərəm. Daha çox təcrübələri real həyatda anında yaşamağa daha çox üstünlük vermişəm kimi görünür. Onları telefona qeyd etməyin məcburiyyətini hiss etməmişəm. Olan şəkillər isə əsasən 3 kateqoriyada idilər. İş, səyahət, şəxsi.
Bu ili daha çox stabil və özümə fokuslanmış olaraq qələmə verə bilərəm. Özünüzü sürətli avtobanda stressiz olaraq orta zolaqla, tələsmədən, axım sürəti ilə və musiqi dinləyərək hərəkət edirmişcəsinə düşünə bilərsiniz. Bax elə bir hiss. Bir qədər də, 40 yaşın gətirdiklərini anlamaq üçün özüm özümə bu zamanı vermişəm. Necə deyirlər, 40 yaş – yaşlılığın gəncliyidir. Özüm üçün verdiyim qərarlar var idi və o qərarları icra edirdim. Qərarlarım içində emosional stabillik və fokuslanmaq var idi. Düşünürəm ki, onları haqqı ilə adresləyə bilmişəm. Önəmli olan ruh halı və rahatlıq.
İşlə əlaqədar olaraq səyahətlərim bu il də çox oldu və bir çox insana hava səyahəti ağrılı təcrübə kimi gəlsə də mənim üçün zamanla bu bir meditasiya alətinə çevrilib. İnternet olmayan təyyarələrdə bu daha çox özünü göstərir. Buludların üstündə, dünyanın çox böyük, sənin isə çox kiçik olman. Baş verən hadisələrə baxış perspektivini dəyişmək. Hadisələrə nə qədər uzaqdan baxırsansa o qədər də onun trivial olması göz önünə çıxır.
Mastercard-da olan rolumdan irəli gələrək bu il də fərqli biznes sektorları ilə görüşlər ilə yadda qaldı. Hər tanıdığım yeni insan, yeni peşəkardan fərqli ilham aldım. Peşəkarların ortaq cəhət ondan ibarət idi ki, öz məsuliyyət sahəsinə yüksək dərəcədə fokuslanmış halda çalışırlar. Hətta rəhbər şəxslər belə öz komandalarından mövzunun peşəkarları ilə məsləhətləşmələri biznesin sistemli olmasından xəbər verirdi. Hə, bir də, başlanğıcdan nə qədər səmimilik qoyursunuzsa ünsiyyətə axıra qədər o səmimiyyət sizinlə olur. Faydası dəyər qazandırmaq cəhətdən həqiqətən çoxdur.
Bu il ərzində süni intellekt mövzusuna zaman ayırdım. Ortalıqda pafos çox olsa da, bir çoxları bunun experti olduğu kimi özünü göstərsə də, həmişə olduğu kimi çox az insanın həqiqətən süni intellekti anladığını izlədim. Bu istiqamətdə özümə bir oyun komputeri aldım və başladım orada fərqli təcrübələr etməyə. Bəli oyun komputerləri üçün istifadə edilən Nvidia qrafik kartları süni intellektin işləməsi (CUDA core) üçün lazımdır. Maraqlısı odur ki, əsas niyyətim Süni intellekt təcrübələri olsa da təkcə bu mövzudan deyil, həm də sevdiyim bir neçə oyundan zövq alıram. (Ən sevdiyim theHunter, CSGO, MS Flight Simulator). Bəzən olurki, özümü oyunlara qapdırıram. Əvvəllər olsa idi özümü günahlandırardım ama indi isə bunu etmirəm. Faydalı iş ilə əyləncəli işi qarışdıra bilirəmsə nəsə alına bilər. İdeal formulu nədirsə, siz də paylaşsanız sevə sevə dinləyərəm.
Bu il ərzində kirayə qaldığım evi dəyişmədim. Öyrəşmişəm və məmnunam. Bir qədər də şəraitimi istədiyim hala gətirmişəm. Türkiyədə inflyasiya 65% olsa da və ev kirayə qiymətləri də inflyasiyaya bağlı olmasına baxmayaraq çox tərəddüd etdikdən sonra artan qiymət ilə razılaşmalı oldum. Köçmək, daşımaq və yeni qeyri müəyyənlik istəmədim bu il. Bu mənə mental rahatlıq versə də maliyyəçi gözü ilə çox da ağıllı qərar deyildi.
Keçən illərdən fərqli olaraq bir qədər istirahət məqsədli səyahətlərə zaman ayıra bildim. Fərq yaradan Maldiv adaları oldu. Məkanlar üçün araşdırma başladanda (o zaman AZAL direkt uçmurdu ora) Maldiv adaları qərarını verdim. 300 metr diametri olan adada olmaq və okean ilə iç içə olmaq istəyi özüm özümlə qalmaq “retreat” üçün fürsət idi. Tam bir istirahət və özünə zaman ayırmaq üçün fürsət olacaqdı. Yüksək olmayan sezonda səyahət həm hotel həm təyyarə qiymətləri cəhətdən faydalı oldu. Nəticədə 3 həftəlik və 2 adanı əhatə dən bir plan etdim.Həm yağışında həm günəşli havasında, həm günəş batımında olmaq, yerli insanlarla ünsiyyət və həyat tərzləri içində olmaqla “klassik Maldiv səyahəti” deyə reklam edilən o təcrübədən çox fərqli bir təcrübə idi. Oradan geri dönərkən dünyanın böyük, bizim kiçik olmamız və zamanın ən dəyərli sərvət olduğuna bir daha əmin oldum.
Ümumən baxdığımda son 12 ay daha sakit və fokuslu keçib. Daha çox özümlə zaman keçirmə imkanı və daha çox özümü güzgüdə görmək imkanı. Hərdən özümlə konfliktlərim olsa da, əhvalsızlıqlar olsa da daha çox müddət ərzində özümlə daha komfortlu bir mübasibət içində hiss etdiyimi deyə bilərəm. Çətin stresli məqamlar olduğu vaxtlar da oldu ama onların bir qismini zamana buraxaraq bir qismini isə rasional düşüncə və güvən əsaslı münasibətlər ilə öhtəsindən gəldim.
Hansı təcrübələr xüsusi iz buraxdı?
Güvən mühitinin dəyəri qiymətsizdir
İş təcrübəmdə öyrəndiyim, tətbiq etdiyim və sadiq olduğum əsas prinsip olan “güvən mühiti” -nin bu il də icraçısı oldum. Öncəki illərin davamı olaraq həm işdə, həm şəxsi münasibətlərdə qarşı tərəflərlə münasibətlər səmimi, direkt və ədalətli yaxınlaşma ilə ünsiyyət saxladım. Günümüzdə güvən mühitini qurmaq hər zaman asan və ucuz deyil. Yeni tanıdığın insanların səni güvən müstəvisində qəbul etmələri çox çətindir, çünki, az rastlanan bir durumdur. Bir çox hallarda insanlar özlərinə rahat olduğu müddətcə güvənilir olur və ilk fayda əldə edilə bilinəcək məqamda güvən və ədalətdən uzaqlaşıb öz məqsədlərinə yönəlirlər. Ədalət və güvəni həmişə ilk sırada tutun. Bu sizi yanıtlmayacaqdır.
Stresli məqamlarda qərar verməkdən çəkinmək
Yüksək sürət və yüksək rəqabət mühitlərində insanlar bir çox hallarda sizi rəqib olaraq görə bilirlər. Siz rəqabət mühitində görməsəniz belə. Sənin kontrolunda olmayan ama sənin üçün stres yaradan situasiyaların içində olduğunun fərqinə varırsan. Seçim olaraq 2 yol olur. Ya anında reaksiya vermək və həqiqəti ortaya qoyub müdafiə olunmaq, ya da ki, dərindən nəfəs alıb situasiyanı həzm edim daha sonra addım atmaq. Belə hallarda anında cavab verməkdən çəkinərək özümə zaman verməyə çalışdım. Çünki sizin cavab verməniz və məsələnin eskalasiyası bəlkə də qarşı tərəfin istədiyi addımdır. Əksinə, hadisəni həzm edib daha rasional analiz edib soyuq baş ilə addım atmağın hər zaman faydasını gördüm. Ən əsas da güvən mühiti üçün bu çox dəyərlidir. Güvən mühitində insanların gözləntisi rasionallıq, ədalətlilik və səmimilikdir. Stresli mühitlərdə özünüzə zaman verin və rasional qərarlar özləri gələcək.
Çətin ama doğru olanı etmək
Davamlı qarşımıza çıxan dilemmalardan biri şəxsi maraqlar və doğru olanı etməkdir. Doğru olanı etmək bir çox hallarda sizin üçün çətin, uzun yol olur. Burada insanların şəxsi keyfiyyətləri üzə çıxır. Bu il də həmişə doğru olan nədirsə onun üzərinə çalışdım və deyə bilərəm ki qisamüddətli olaraq şəxsi maraqlar ziyan görsə də uzunmüddətli olaraq həm doğru etmənin gətirdiyi rahatlıq, həm də verdiyiniz güvən əsaslı mühitə qatqısı oldu. Doğru olanı etmək bahalı və çətin olsa da bunu edə bilməklə həm özünüzə güvəniniz və hörmətiniz artır, həm də ətrafınızdakı insanlara doğru mesajı göndərmiş olursunuz. Doğru olanı edin, çətin olsa da.
Bir şeyi çox istəyirsənsə o səndən uzaqlaşır
İl başlanandan özümə qoyduğum bir neçə hədəflər var idi. Onların bir çoxu istədiyim kimi olmadı. Çalışdım ama olmadı. Ya da yetərincə çox çalışmamışam ya da ki, qismətimdə deyilmiş. İllər öncə mənə deyilən bir məsləhət həmişə qulağımdadır – “sən bir şeyi çox istəyirsənsə o səndən uzaqlaşır”. Bəli, rasional səslənməsə də, buna inanıram. Hədəfimiz olacaq, onun üçün çalışacağıq amma nəticələr istədiyimiz kimi olmayanda inad yerinə alternativləri dəyərləndirəcəyik. Hər qaranlıq otağın bir qapısı vardır deyirlər amma birdən çox qapısı olduğuna da özüm əminəm. Zamanı gəlincə bir çox çalışmalarınız öz yerini tapacaq.
Kömək almaq və vermək mövzusunda daha aktiv olmaq
Bildiyiniz və təcrübəli olduğumuz sahələr olduğu kimi, yeni öyrəndiyiniz mövzular da həmişə vardır. Əgər özünüzü öyrətmirsinizsə o halda qısa müddətdə “hər şeyi bilirəm” havasına girmə riskiniz vardır. Bunu günümüzdə çox görürəm. Öyrəndikcə daha da nələri bilmədiyinin fərqinə varırsan. Ətrafımda olan insanlara zaman ayıraraq onlara faydalı ola bilmək üçün çalışdım. Bəzən öz işlərim çox olsa da köməyə ehtiyacı olana zaman ayırdım və onlara dəstək oldum. Kod sözü Frak. Eyni zamanda özümün köməyə ehtiyacı olan zamanlarda da dəstək üçün istəklərim oldu. Kömək istəmək bəzən eqo ilə mübarizə etdirir insanı ama buna güc gəlmək inkişaf etmək deməkdir. Həqiqətən ehtiyacın olduğunda kömək istəmək lazımdır və bir çox hallarda sənə kömək istəyənlər ilə münasibətlərin güclənməsi ilə nəticələnir.
Sosiallıq enerji tələb edir və keyfiyyət üçün özünüzə zaman ayırmalısınız
Məni bir çox insan ekstravert olaraq bilsə də əslində içimdə daha çox intravert olaraq özümü təyin edirəm. Bəzən özümü hansısa məsələni dərinə araşdırma prosesində tapıram. Çox ünsiyyətdə olanda özümə çəkilib enerji toplamaq kimi ehtiyacım olur. Sosiallıq yüksək enerji tələb edir. Hər dəfəsində özünə çəkilib güc toplayaraq yenidən sosial mühitin içində olmaq faydalı oldu. Sadəcə ünsiyyət yerinə daha keyfiyyətli ünsiyyət tərəfdarıyam.
Çox dəyərli bir şey deməyəcəksənsə susmaq daha dəyərlidir
Elon Musk öz işçilərinə deyir ki, toplantıda ya dəyər qatmaq/ önəmli məlumatı əldə etmək üçün iştirak edin və bunlar yoxdursa toplantını tərk edə bilərsiniz. Eynisini gündəlik həyatda həm də işdə tətbiq edərək bir söz demədən və ya bir emailə cavab vermədən özüm özümə bunu sorğulayıram: “mənim deyəcəyim bu söz bu yazışmaya, bu müzakirəyə dəyər gətirəcəkmi?”. Əgər dəyər gətirəcəksə sözümü deyirəm. Əks halda dinləmək və kritik məlumatları qəbul etmək yətərli olur. Toplantılarda söz demək üçün başqasının sözünə girənlərdən olmayın. Əmin olun ki, sözünüz həqiqətən dəyərli olacaqdır. Sonra söz haqqı istəyin və sözünüzü qısa və net olaraq deyin.
Etdiyim iş özümdən başqa kimə faydası var?
Son il ərzində Linkedin-də postlarımın mütəmadiliyi və sayı aşağı düşüb. Dostlarım da mənə soruşur ki, niyə əvvəlki kimi daha çox yazmırsan. Cavabım isə əslində bir neçə səbəbə dayanır. Keyfiyyətli kontent hazırlamaq zaman tələb edir. Sadəcə oturdun və yazdın deyil, araşdırma və məzmunu faydalı hala gətirmək lazımdır. Linkedin-də yazını sadəcə yazı olsun və çox like yığsın deyə deyil, həqiqətən “evergreen” dəyərli olsun deyə yazıram. Bir çox postlarım olur ki, bəzən 2 gün üzərində çalışıram ama əmin oluram ki, kiməsə faydalı olacaqdır. Özəlliklə süni intellektin öyrədilməsi prosesində bu məzmunlar nəzərə alınır. Deməkki, kimlərinsə chatgpt cavablarında sizin yazdığınız yazılardan istifadə edilir. Əsl dəyər bunda yazılır. Yazmadan öncə bunu düşünürəm : “Bu yazım dəyərlidirmi kiməsə?”. Etdiyiniz addımlarda özünüzü sorğulayın. Mənim etdiyim bu iş özümdən başqa kiməsə faydası olurmu?
Xülasə və irəliyə baxış
Zaman ən dəyərli nemətdir. Yaşadığımız hər anı keyfiyyətli və doğru mühitdə keçirməliyik. Özümüzü sorğulamalıyıq. Niyə burdayıq və nə edirik. Keçən il ərzində bu sorğunu çox etmişəm və hiss edirəm ki, hər addımımda doğru cavabları almışam. Özümə zaman ayıraraq iç dünyam ilə çöl dünyam arasında balansı əldə etdiyimi hiss edirəm. İç münaqişələri minimuma endirməyə çalışıram. Onlarsız olmur amma.
İrəliyə baxış olaraq yeni hədəflər və yeni macəralara doğru hərəkət edirəm. Həyat yerində durmur, mən də ondan daha sürətli hərəkət etməyə çalışıram. İnsanlarla keyfiyyətli ünsiyyət tərəfində zaman ayırmağı davam etdirmək, güvən mühitlərini gücləndirmək və pozitiv ab hava yaratmağa çalışmaq. Öyrənmək sürətini və həcmini artırmaq ən önəmli hədəflərdən biridir. Daha çox öyrənmək və daha çox dəyər yarada bilmək.
41 sadə rəqəmdir və yetərincə gücünü hiss edirəm. Yetişkinliyin və bilgi topluluğunun gətirdiyi özgüvəni həm özüm həm də ətrafdakılarım üçün dəyərə çevirmək istəyirəm. Qismət olsa doğru yerdə doğru dəyər ortaya qoya biləcəyəm.
Buraya qədər oxuduğunuz üçün təşəkkür edirəm ! Ayırdığınız zamana təşəkkür etmək üçün bu yazımın içində olan şifrəli sözü mənə linkedin-də direktdə yazan dostlarımıza bir kofe və ya online zəng borcum olsun. Ya İstanbulda ya Bakıda uyğun zamanda bunu edə bilərik.
Özünüzə yaxşı baxın ! Sizləri sevirəm.
İmran Bağırov (İmran Digital)