40 ilin hesabatı və gətirdikləri

Imran Baghirov

Dünən ən-ənəvi postumu yazmaq üçün dəftərçəmi götürüb kofe içmək üçün şəhərə getdim. Hava yağışlı olmasa da, biraz soyuq idi və kofemi alıb yeni bir səhifədən dəyərləndirmələr etmək üçün səhifənin başına 40 yazıb davam etdim. Bu yazını yazmaqda məqsədim həm özüm üçün hesabat, həm də, insanlarımızla paylaşaraq bəlkə də kimlərəsə faydalı ola bilər düşüncəsidir.

Yazını strukturu olaraq bir neçə hissəyə böləcəyəm.

  • 40 ilin xülasəsi – harada və nə etmişəm ?
  • Keçən ildən bu günə nələr dəyişdi ?
  • Öyrəndiklərim nələrdir?
  • Xülasə və irəli addımlar

40 ilin xülasəsi – harada və nə etmişəm ?

İlk olaraq özü özümə sual verdim ki, bax indi 40 yaşına çatmısan və keçən zamanı nəyə xərcləmisən? Sualın cavabını kağıza yazdıqca özüm də zamanın nə qədər tez getdiyini hiss etməyə başladım. Yazdığım şeylərin üstündən bəzən 10 illiklər keçsə də sanki, dünən olmuş kimi beyində qalıbmış.

Əsas istiqamətlər

  1. İbtidai, orta və ali təhsil – 22 il
  2. Çalışma həyatı – 21 il

Bəli, toplamı 40 etmir, çünki, universitetin son ilindən artıq çalışmağa başlamışdım.

Şəhərlər

  1. Lənrəran – 16 il
  2. Bakı – 22 il
  3. İstanbul – 1 il
  4. Katmandu – 6 ay
  5. Stockholm – 3 ay

Peşəkar həyat

  1. Sosial Mudafiə Nazirliyi – 2 il
  2. Dövlət Neft Fondu – 2 il
  3. Azercell Telekom – 13 il
  4. Lütfizadə Texnologiya Mərkəzi – 3 il
  5. Mastercard – 1 il (davam edir)

Keçən ildən bu günə nələr dəyişdi?

Son ilki bloqumu oxuyanlar bilir ki, böyük bir dəyişim ili idi mənim üçün 39 cu ilim (2022-2023). Fundamental dəyişiklərdən korporativ dünyaya qayıdış, şəhər dəyişdirmə və yeni mühitə uyğunlaşma ilə əlaqədar cəmləmək olar. Əsas fərq yaradan hadisə isə qlobal şirkətdə işə başlamaq prosesinin müddəti və o dönəmdə olan çətinliklər idi. Artıq 39 yaşımda bunlar geridə qalmışdı və onları sizə keçən postumda paylaşmışdım.

Bəs son ildə nələr baş verdi ? Keçən martdan bu marta qədər əslində mənim üçün daha fərqli bir inkişaf xətti ilə yadda qaldı. Martın əvvəlindən İstanbula köçməyim yeni bir dönəmin başlanğıcı idi əslində. İlk baxışda əşyalarını yığıb təyyarəyə minib başqa yerə getmək asan səslənsə də, yeni bir şəhərdə yerləşmək o qədər də asan deyildi. Hələ nəzərə alsaq ki, mənə bu prosesdə dəstək olan hüquq şirkətləri də var idi, yenə də sənədlər və s. proseslər yetərincə zaman və diqqət tələb edirdi.

İstanbula köçdükdən sonra 2 ev dəyişdim və hal hazırda 3 cü kirayə etdiyim evimə köçdüm. Hər köçmə prosesi təkcə əşya daşımaq deyil, eyni zamanda sənəd və natarius işləri ilə zəngin idi. Bəli, kirayəyə ev götürmək, ev almaq qədər (bəlkə də çox) hüquqi bir prosesdir və çoxlu məqamları vardır. Nəticədə indiki zamanda istədiyim yerdə, məkana köçdüm və artıq bu mövzuda bir qədər rahatlıq yaranmış oldu. Bu arada onu deyim ki, maraqlı olan odur ki, İstanbulda insanlar bir birini ilk gördüklərində “hansı tərəfdə qalırsan” sualı çox klassik bir suala çevrilib. Çünki, bundan asılı olaraq bir ucundan digər ucuna 160 km olan şəhərdə insanlar bir birinə nə qədər yaxın və ya uzaq olduqlarını təyin edə bilirlər.

İş tərəfində onu deyə bilərəm ki, həyatımda bu qədər intensiv bir il xatırlamıram. Peşəkar həyatımın ən çox öyrənmə və intensiv çalışma dönəmlərindən birini yaşamış oldum deyə bilərəm. Mastercardda başladığım ilk aylardan yeni insanlar, yeni məvhumlar, yeni texnologiyaları öyrənmək və eyni zamanda intensiv səyahətlər hər keçən gün daha da özgüvən artırırdı. Eyni zamanda da bunu anladım ki, hər şeyə zaman çatdırmaq mümkün deyil və nəticədə prioritetləşdirmə həyatımda ən önəmli məsələlərdən birinə çevrildi. İnformasiya axını o qədər çoxdur ki, nəyə nə qədər zaman ayırmağınızdan asılı olaraq sizin uğurunuz təyin olunur.

Keçən il ərzində ən çox zövq aldığım məsələlərdən biri də çox peşəkar insanlarla bir iş mühitində olmaqdır. Mastercardın digər qlobal şirkətlərlə ən önəmli fərqlərindən biri bəlkə də məhz budur ki, çox keyfiyyətli insanlar işə alınır və sonrasında yalnız komanda oyununu mümkün edən mühitdə bir araya gəlinir. Əvvəl bir qədər kommunikasiya çoxluğundan yorulsam da, sonradan bunu nə qədər dəyərli olduğunu bir daha özümə sübut etmiş oldum. Bunun yanında da Türkiyə və CİS ölkələrinin öndə gələn Pərakəndə və Ticarət oyunçuları ilə olan ünsiyyətim bizim regionda olan prioritetlər və trendləri daha yaxından hissetmək imkanı verdi. Bəzən elə şəxslərlə görüşmək imkanım oldu ki, insan istəyər ki, uzun zaman otursun və çox maraqlı söhbətlərin hissəsi olsun. Həqiqətən də coğrafiyamızın insanları çox çalışqan və innovativdirlər.

Çalışdığım müddət ərzində əsas prinsipim davamlı olaraq bu olmuşdur: Faydalı olmağı bacardıqdan sonra biznes münasibətləri özləri formalaşacaq. Birinci dəyər yaratmaq və sonrasında pul. Həmişə də bu qızıl qayda işləmişdir. Dəyər yarada bilirsənsə, ticari nəticələrəi də gəlmiş olur. Mənim üçün əsas olan peşəkar və keyfiyyətlin insanları tanımaq və onlara dəstək olmaqdır. Bu şəxsi tanışlıqlar hətta aranızda bu gün ticari münasibətlər olmasa belə çox dəyərlidir.

Keçən il ərzində çox səyahətim oldu. Bəlkə də rekord idi. İl ərzində 20 yə yaxın səyahətim oldu və getdikcə daha optimal səyahət planları qurmaqda peşəkar olmağa başladım. Çantamı artıq 10 dəq yə hazır edə bilirəm, çünki səyahət üçün gərəkli olan əşyalar hamısı öz yerində və hazırdır. Səyahətlər bir tərəfdən yaxşı olsa da yaşadığın şəhərə uyğunlaşma zamanımı uzadırdı.

Linkedin-ə çox zaman ayıra bilməməyimin sıxıntısı davamlı mənimlə oldu. Əsas problem o idi ki, prioritetləşdirmə zamanı özümə və Linkedin-ə zamanım az qalırdı, amma buna baxmayaraq keçən il ərzində həftədə 1-2 post olsa belə düşündüklərimi və dəyərli bildiyim mövzuları paylaşmış oldum. Bu il ərzində artıq Linkedin-ə daha çox zaman ayıracağımı prioritet olaraq qeyd etmişəm.

Öyrənimlərim və gəldiyim nəticələr

Burada son il ərzində öyrəndiklərimi ana başlıqlar altında sizlərlə paylaşmaq istərdim. Struktur altında yazaraq həm özümə yazmaq üçün həm də sizlərə oxumaq üçün daha rahat olacağını inanıram.

Yeni mühit, uyğunlaşma və güvən mühitinin qurulması

Yeni mühitə düşdükdə təbii ki, sən heç kimə bənzəmirsən və sənin fərqli görülmə ehtimalın vardır. Startaplarda olduğu kimi ilk dönəmlərdə “death valley” dönəmini səbrlə keçmək bir neçə davranış tələb edir. Öyrənmək, Səbr, Maksimum Tolerantlıq və çətin durumlarda güvən yaratmağın daha öndə olduğu qərarlar vermək. Güvən zamanla və sizin kritik situasiyalarda verdiyiniz qərarlarınızla formalaşır.

Fərqli nəticələr üçün fərqli olmaq

Hərkəsin etdiyinin eynisini ediriksə, onlardan biri oluruq və nəticələrimiz də onlardan birinin nəticəsi olur. Yəni N sayda insan arasında məsələn 70 ci percentile-de ola bilirik. Bu oyunu dünya əhalisinin böyük hissəsi oynayır. Klassikadır. Mühitə daxil olmaq, qaydaları öyrənmək və o qaydalarla oyunayıb qalib olmağa çalışmaq. Mənim dediyim isə bir qədər fərqlidir. Olduğunuz mühitdə dəyərli olduğunu hiss etdiyiniz lakin çox az insanın oynadığı oyunları tapıb onları oynamaqla fəqli olma şansı əldə edirsiniz. Bu fərqlilik sizə eyni qədər zəhmətdə daha çox nəticə gətirmək potensialına sahibdir.

Nə olursa olsun insanlara kömək et

İnsanların çox olduğu yerlərdə davamlı bu sual ortada vardır. – Niyə? Niyə görüşüm? Niyə zaman xərcləyim? Bir çox hallarda əgər günün sonuna qazanılması ehtimal edilən ticari və ya şəxsi fayda görünmürsə insanların çoxu uzaqlaşır. Məhz bunun nəticəsidir ki, insanların kimin kiminlə nəyə görə ünsiyyətdə olduğu kod azg24 açıq aydın anlamaq olur. Bəs əgər maraqları kənara qoyub bir qısa müddət üçün qeyri rasional olsaq necə olar? Məsələn heç bir direkt faydamızı görməsək belə ehtiyacı olan insanlara faydalı olmağa çalışsaq? Qısa müddətdə olmasa da uzunmüddətdə bununu faydasını görmüşəm. Məqsədiniz mənfəət olmadığı müddətcə çox güclü münasibətlər qura bilirsiniz. Sonrasında bəzən bu münasibətlər çox ciddi ticari gəlirlərə də gətirib çıxarır. Qərar yenə də sizindir. Hər insan fərqlidir bu mövzuda.

Öyrənmək və bilgili olmaq fərq yaradır

Yeni mühitdə başladığım ilk aylardan etibarən maksimum öyrənməyə çalışdım və gördüyüm o oldu ki, qısa bir müddət sonra bir neçə mövzu üzrə mühitdə daha bilgili olma durumu özəlliklə dəyər yaradır. Sizin öyrəndiyiniz hər bir şey, sizin beyninizdə bilgi elementləri arasında daha çox bağ yaratmaq imkanı yaradır və beləliklə siz qarşınıza çıxan hadisələri daha yaxşı analiz edə bilirsiniz. Əslində bu analizlər və bunlardan çıxan nəticələr sizin biznes gəlirlərinizə direkt olaraq təsir edir.

Tanıdıqca insanların motivlərini anlamaq olar

Kimsə yaxşı və ya kimsə pis adamdır demək məncə çox böyük və yalnış sadələşdirmə olar. İnsanlar sadəcə düşdükləri situasiyalarda onların indiyə qədər ən uğurlu hesab etdikləri davranışları nümaiş etdirdikləri üçün kiməsə görə pis, absurd, ayıb hərəkət digərinə görə indiyə qədər ona daha çox uğur yaşatmış davranış ola bilər. Bunu nəzərə alaraq, sizə qarşı pislik etdiyini düşündüyünüz insanları belə tanımağa cəhd edib, onların motivlərini anlaya bilərsiniz. Motivlər bəlkə də sizə sadə gələ bilər ama biz insanlar fəqli olduğumuz üçün bir şəkildə bir birimizlə anlaşmalıyıq.

Günün sonunda bir insanıq

Yuxarıdan yer kürəsinə baxdıqda nə böyük şirkətlər, nə bank hesabları nə də başqa bir şey görünür. Görünən insanlardır və onlar davamlı hərəkət edib nəsə edirlər. Nə üçünsə çalışırlar. Günün sonunda isə hamı öz evinə gedir və yatağına girib yatır. Bu məqamı düşünək. Hərkəs yatır və eyni cür yatır. Organizm eyni, beyin eyni, sistem eyni, ehtiyaclar eyni, istəklər eyni, eyni eyni eyni… Demək ki, biz bir birimizə fərqləri içimizdə olan sosial hierarxiya instinktinə görə qoyuruq. Bu bizim böyük cəmiyyətlərdə sağ qalmaq üçün qurduğumuz ağıllı sistemdir. Bəs burdan nə nəticə çıxaraq sualı versəniz bunu deyə bilərəm. Günün sonunda insanıq və dünyada yaşayan istənilən insanla ünsiyyətdə olmaq ortaq işlər görmək imkanınız vardır. Özəlliklə bu gün əlimizdə olan internet nemətinin dəyərini bilək.

İndi risk etməsək bəs nə zaman edəcəyik?

İnvestisiya dünyasında belə bir qayda vardır. Erkən başlamaq. Nə qədər erkən investisiya etməyə başlasanız o qədər daha çox qazanclı olmaq şansınız olacaqdır. Həyatın ilk dönəmlərində, özəlliklə 20 li yaşlar əsl risk ediləcək zamandır. Çünki bu illər ərzində məsuliyyət minimumdur. Etdiyinin xeyiri də ziyanı da çox hallarda yalnız özünə təsir edəcəkdir. 30 lu yaşlarda riskin qiyməti yüksəlir çünki artıq stabillik ehtiyacı vardır və ziyanını yalnız özün çəkmirsən. 40lı yaşı düşünəndə isə onu başa düşürsən ki, həyatının sonuna qədər qalan zamanda arzularını yerinə yetirmək istəyirsənsə, indi o riskləri götürmək üçün həmin o vaxtdır. Bu gün etməsək sonra vaxt qalmayacaq. Risk almaq üçün isə ideal yaş yoxdur. Hər zaman mümkün olduğundan bir addım daha çox risk almaq imkanı sürətli böyüdür.

Xülasə və irəli addımlar

Geriyə baxdıqca onu deyə bilərəm ki, heç bir qərarımdan peşman deyiləm və yaxşı ki onları etmişəm. Onlar olmasaydılar mən özüm olmazdım. Keçmişə gedib nəyi fərqli edərdim? Bilmirəm. Böyük ehtimal toxunmaq istəməzdim qərarlarıma. Çünki, yenilərinin nə ilə bitəcəyini də bilmirəm. Biz sonradan hadisələrin sadəcə pozitiv tərəflərini görürük, neqativlərini görmürük. Hadisələr də bir birinə bağlı olduğu üçün nəyin yaxşı nəyin pis olduğunu sonradan belə bilmək çətindir.

Mənim üçün ən önəmli olan hal hazırda içimdə məmnun olmaq və ətrafdakılara dəyər qazandırmaqdır. Şəxslər olaraq əgər ətrafımıza faydamız yoxdursa o halda bizim var olmağımızın nə mənası vardır?

Yeni 40 cı ilimdə mənimlə birlikdə olduğunuz üçün sizlərə təşəkkür edirəm. İrəliyə addımlar olaraq özüm üçün aşağıdakı başlıqları qeyd etmişəm.

  • İnsanlara faydalı olmağa davam etmək
  • Davamlı öyrənmək mühiti qurmaq.
  • Yeni başlanğıclar və partnyorluqlar.

Bu yazını sona qədər oxumağınız dəyərlidir. Sizə təşəkkür əlaməti olaraq təsadüfi seçim ilə ödənişsiz olaraq 24 nəfərə 30 dəqiqəlik karyera və biznes mentorluq sessiyaları verəcəyəm. Təsadüfi seçimə qatılmaq üçün bu yazının içində qeyd etdiyim kod sözünü mənə Linkedin-də direktə yaza bilərsiniz.

Təşəkkürlər və sevgilər !

İmran Baghirov.

%d bloggers like this: