39 sadə rəqəm deyil

Bu hesabatım özümün özümlə bə sizinlə səmimiyyətim ilə paylaşmaq istədiyim bir illik yazımdır. Artıq ən-ənədir. 32 yaşından bəri yazıram. Nə oldu , nələr öyrəndim , nələr dəyişdi və s. Bu yazım da fərqli olmayacaq. Özümün özümlə olan söhbətimə və müzakirəmə şahid olacaqsınız.

Nə hikmətdirsə, adətən məndə hər 3 ildən bir bir dəyişiklik dönəmi gəlir. Bu dəfə də fərqli olmadı əslində. Azercelldən ayrılıb LütfiZadə Texnologiya Mərkəzinin yaradılması nə qədər böyük bir dəyişiklik idisə mənim üçün bu il baş verənlər də bundan geri qalmadı. Yazımı oxuduqca bunun detallarını görmüş olacaqsınız.

Nələr dəyişdi

Artıq 3 il idi ki, Lütfizadə mərkəzində idim və işlər şükür ki, gözlədiyimiz kimi getməyə başladı. Artıq mənə ehtiyac yox idi, çünki komandamız artıq özləri gündəlik işləri, önəmli qərarları verə bilirdilər və 2022 ci ilin başından qərar verdim ki, artıq yeni bir macəra vaxtı gəlib çatıb. Əslində demək də olar ki, niyə dəyişiklik lazımdır. İş var, güc var, pul qazanırsan, otur işlə də. Amma, məsələ sadəcə işləməkdə deyil. İnsan özünün özünə laiq bildiyi çətin məsələləri həll etməklə özünü dəyərli hiss edir. Vəya, başqa bir deyimlə də desəm, sizin dəyərinizi bəlirləyən sizin həll etdiyiniz məsələlərin dəyəridir.

Və yeni macəra axtarışına başladım. Bu macəranın nə olduğunu özüm də bilmirdim, amma, dəyişmək istədiklərimdən biri yeni iş, yeni məkan, yeni fəaliyyət idi. Daha nələri yoxlaya bilərəm ?

Özüm özümə arada soruşanda ki, İmran, nə səni daha məmnun edə bilər? – Bu suala adətən dəqiq cavabım yox idi amma bir şeyə əmin idim ki, dəyişiklik artıq zəruridir.

LTC-nin uğuru və yeniliklər üçün hazırlıq

Lütfi Zadə adını daşıyan texnologiya mərkəzimiz, qısa olaraq LTC dediyimiz brend, artıq özünü sübut etmişdi. İlk məkan doluluğa çoxdan çatmış, ikinci məkan açılmış, əlavə xidmətlər artmaqda və peşəkar komanda yetişmişdir. İşlərin idarə edilməsi mövzusunda mənim əlavə edəcəyim bir şey yox idi. Əgər hiss edirsənsə ki, sənin ortaya qoyduğun əlavə dəyərin azalır o halda artıq mesajdır ki, yeni dəyər qazandıra biləcəyin macəralara başlamalısan.

Belə də etdim. LTC də partnyorumla danışıb özümə cool-off period – dediyimiz kənara çəkilib özümə zaman ayıracağım dönəmə başladım. Mənə lazım olan tək qalıb özüm özümə dəyərləndirmələr aparıb növbəti addımlarını planlamaq idi. Hərkəsdə bu fərqlidir amma məndə, bəli, mən tək qaldıqca enerjim artır və daha effektiv ola bilirəm.

Demirci Toverdə pencərəsi olmayan bir otağı götürməyim tam bir tapıntı idi. Bir qapı və dörd divar. 3-4 aya yaxın məhz buradan çalışdım, insanlarla az görüşməyə başladım və özümə fokuslanıb nələr etmək istədiyimi dəyərləndirdim.

Verdiyim qərarlar

Verdiyim qərarlar həmin anda əlimdə olan maksimum informasiyaya əsaslandırdı. Nə etmək istədiyimi, nə axtardığımı özüm üçün aşağıdakı bəndlərdə yazmış olum.

  • Qlobal problemlərin qlobal həllinin bir hissəsi olmaq istəyirdim. (Qlobal bir korporativ mühit istəyirdim)
  • Məkan dəyişikliyi istəyirdim. ( Yeni hava, Fərqli hava )
  • Daha stabillik axtarırdım. ( LTC-ni ərsəyə gətirənə qədər stresi az olmamışdı)
  • Yeni sahələrin yeni peşəkarlarını tanımaq istəyirdim.

Etdiklərim

İlk olaraq ən sadə və direkt metod. Linkedin-də qlobal şirkətlərin vakansiyalarına müraciət etmək idi. Linkedin sağolsun, Easy Apply düyməsi qoymaqla prosesi çox rahatlaşdırmış olurdu, amma, bu rahatlıq təklifin artması demək idisə , deməkki, şanslar da aşağı düşmüş olurdu. Qısacası aylarla müraciətlərin nəticəsi 0 oldu. Demək olar ki, heç birindən növbəti etap təklifi gəlmirdi. Səbəbini anlamağa çalışanda iki məsələ üzə çıxdı. Bu mövzunu öyrəndiklərim qismində detallı yazacağam

İkinci addım olaraq qlobal şəbəkəmi artırmaq idi. Buna görə də fikir vermişsiniz ki, postlarımı artıq ingiliscə yazmağa başladım. Məqsədim, təkcə Azərbaycan deyil, eyni zamanda qlobaldan da əlaqələri artırmaq idi. Əlbəttə ki, bunun qiyməti var idi. Bu da o idi ki, Linkedin reytinqlərim aşağı düşdü ama bu qərarın da qiyməti bu idi. Qlobal auditoriyaya investisiya həm böyük həm də çox səbr tələb edəndir.

İmran Digital brendi altında davamlı kontent yaratmağa başladım. Bunu əsasən Youtube-də İmran Digital kanalında video-lar şəklində, Linkedində postlar və ən maraqlısı TikTokda videolarla edirdim. Tiktok-un gətirdiyi və apardıqlarının fərqinə vardım. Gətirdiyi yaxşı əhval idisə, apardığı zaman idi. Ona görə bu zamana daha diqqətli olmağa başladım.

Qapıları açıq buraxmışdım. İmkanları dəyərləndirmək adına olan bütün addımları dəyərləndirməyə çalışırdım. Tam olaraq nə axtardığını bilməyən ama bu prosesdə bütün daşları qaldıran bir şəxs olaraq düşünün.

Nələr baş verdi

Keçən dönəmi xülasə etmiş olsam daha çox “Səbr” sözü ilə yadda qalmış olacaq deyirəm. Çalışmaq və gözləmək. Uzun uzun gözləmək dövrü. Hətta 38 ci ilimi səbr etmək və çox çalışmaq ili kimi özüm özümə yadda saxlaya bilərəm.

Qeyd etdiyim kimi, müxtəlif qlobal şirkətlərin vakansiyalarına müraciət edirdim ama nəticəsi yox idi. Aprel ayında bir gün partnyorum mənə bir vakansiya haqqında bilgi verdi və soruşdu ki, belə bir adam tanıyırsanmı bu vəzifəyə? Mən isə o adamı tanıyırdım. Özüm idim. Vakansiya ilə əlaqədar ilk telefon zəngimdə isə aydın oldu ki, mən Azercelldə çalışarkən onunla görüşmüşəm və oradan bir birimizi tanıyırmışıq. (Stiv Jobs-un connected dots məsələsi). Şirkətlərin içində daxili referans vermək imkanları vardır. Yəni şirkət işçiləri kimisə şəxsən tanıyırsa və ona referans verirsə həmin namizədlər bir addım daha öndən başlayır. Qısaca desək, ilk intervyuya dəvət almış olur. Qalanı artıq sizin özünüzdən asılıdır. (Sizə ədalətsiz görünə bilər ama dünyanın qlobal reallığı budur. Hətta Azerceldə də var idi bu. “Sənin kimi birisi” adı altında olan bu proqramla işçilər referans verə bilirdilər)

Müracət etdiyim şirkət Mastercard idi, pozisiya İstanbul ofisində idi. Aprel ayında ilk telefon zəngimiz, İyun ayından başlayaraq 5-6 intervu və Sentyabr ayında seçilməyim ilə əlaqədar verilən qərarla sonlandı. Amma bu da bitmədi, İlin sonuna qədər proseslər davam etdi və yalnız 2023ün əvvəlində işə başlamaq imkanı oldu. Bəs soruşa bilərsiniz ki, 8 ay müddətində cəmi 5-6 intervyudan başqa nə edirdin ? Cavabım gözləmək və səbr etmək idi. Əslində bütün HR çılara soruşsanız hamısı deyər ki, bir vakansiyaya fokuslanıb qalmayın, paralel olaraq axtarışlar edin. Amma, mən nədənsə buna kilidlənmişdim, və şanslarımı artırmaq üçün maksimum çalışırdım.

Sentyabr ayında seçildiyim qərarını eşitdikdən sonra işə başlamaq üçün səbirsizlənirdim, ama, korporativ qaydalar və prosedurlar zaman alırdı. Burada da ediləcək bir şey yox idi. Bu proses boyunca mənə yaxın olan insanlar, dostlarım həmişə yanımda idilər və buna görə onlara çox böyük minnətdarlığımı bildirirəm.

Nələr öyrədim

Hər keçən ad günü bir hesabat nöqtəsidir. Bu hesabat nöqtəsində gələcəkdəki özümə, sizə paylaşmaq istədiklərimi açıq mətn şəklində yazıram. Çox düşünmədən özüm özümü analiz edirəm və keçən il boyunca aldığım dərsləri sizinlə paylaşıram.

Qlobal şirkətlərdə iş axtararkən

  • Yalnız qlobal şirkətlər xarici namizədləri seçməkdə rahatdırlar. Böyükdürlər və
  • 38 yaşınız və fərqli təcrübələrə malik olmağınız əslində sizi uğurlu namizəd etmir. (Şirkətlər idarəçilik səviyyəsinə çöldən alarkən çox ehtiyat edirlər, bir istiqamət və sabit karyera artımı olan profillər daha cəlbedicidir)
  • Şirkət daxilindən referans olmadan ilərləmək çox çətindir. (Bu arada, məndən referans istəyən tanışlarıma və dostlarıma həmişə referans verməyə hazıram.)

Hər zaman uzun müddətli baxmaq

Kiminlə nə zaman və hansı şəkildə ortaq işiniz çıxa bilər heç vaxt bilmirsiniz. Edə biləcəyiniz odur ki, hər zaman insanlara faydalı olmaq və qarşılıqlı fayda almaq. Hadisələrə qısamüddətli perspektivdən baxıb, “indi qazanım” dediyiniz anda gələcək üçün olan qapıları bağlamış olursunuz. Getdikcə bu daha çox qısamüddətli olmağa başlayır və sonra da ziyan ən son sizə dəymiş olur. Yalnız uzunmüddətli baxmaq və yalnız faydalı olmağa çalışmaq.

Sürət birincidir

Sürətli qərar vermək və sürətli davranmağın nə qədər önəmli olduğunu anlatmağım yetərsiz olar. O qədər ehtiyac olunan məsələdir ki, sizin sürətiniz sizin uğurunuz halına gəlmiş olur. Sürətli və orta keyfiyyətli işiniz gec və keyfiyyətli işinizdən daha yaxşıdır deyərdim.

Gözləmək ağır imtahandır ama yaxşı şeylərin çoxu da bununla gəlir

Qısa müddətdə uğur qazanmaq arzusu interneti doldurub. Hər kəs qısa müddətdə böyük nailiyyətlər istəyir ama çox adam bunun üçün çalışıb gözləmək istəmir. Sanki bu dünyanın yeni standartı tez əldə etməkdir. Halbuki internetin bu gün bizə gətirdiyi reallıqlardan biri odur ki, bu illuziyanı masaya qoyur və əfsuslar olsun ki, çox insan da buna inanır israf olur. Mənim inancım odur ki, istiqamət bəlli olduqdan sonra öz üzərimizə düşəni edib qalanını boş verməkdir. Haçansa o daşlar öz yerinə düşəcəkdir. (Yenə də connected dots)

Yer və daha sonra fəaliyyət

Bir mağaza müdiri ilə danışırdım. Soruşdum ki, sizin bu qədər mağazalarınız vardır və hamısı da uğurludur. Siz nəyi doğru edirsiniz ? İlk olaraq “yer” dedir. Mənim nə satmağımdan, necə satmağımdan asılı olmayaraq mağazamı açdığım yer mənim uğurumu təyin edir. İş mühitində də elədir. İlk olaraq şirkətinizi, müdirinizi və daha sonra vəzifənizi seçməlisiniz.

Gələcəyə baxışım necədir

Yanvar ayından Mastercard İnternational Europe-da işə başladım. Mart ayından İstanbul ofisindən çalışmağa başladım. Həyatımda olan böyük dəyişikliklərdən biridir bu. Dünyanın top 100 şirkətindən birinin bir hissəsisən və fərqli məkanda fərqli peşəkarlarla birlikdə çalışırsan. Bu isə özü özlüyündə çox çalışmaq deməkdir. Çox deyəndə həqiqətən çox. Çünki, özümüzü öz məkanımızda çox uğurlu bilsəniz belə, qlobal bir mühitə daxil olduqda o mühitin standartlarına çatmağınız sizin çox daha çalışmağınızı və daha çox nəticə verməyinizi hədəfləyir.

Fəaliyyət coğrafiyam Şərqi Avropa ölkələrindəki (digər adı ilə Türkiyə və MDB), Pərakəndə və Ticarət seqmentidir. Bu ölkələrdə bizneslərin inkişafı üçün əlimizdə olan imkanları, həlləri qlobaldan lokala gətirmək və dəstəkləmək faydalı olmağın əsasıdır. Yüzlərlə həllər və limitsiz biznes ehtiyaclarını görüşdürüb insanların həyatını daha gözəl etmək.

Mastercard-a daxil olunca istədiyim pensiya yaşı soruşulur. Normalda 65 dir ama, düşündüm ki, 65 dən sonra çox da həyat rəngarəng görünmür. Onu 55 ə düşürdüm. Bundan sonra Allah qismət eləsə 16 il çalışım, daha sonra isə pensiya həyatında daha maraqlı macəralara vaxtım olsun 🙂 (Maraqlı macəraların nə olduğunu bilmirəm, soruşmayın :))

Insanlara faydalı olmağa davam etmək həyatımızın mənasıdır. Bunun üçün Linkedin postlarıma davam etmək ən azıdır. Daha yeni yeni formatlar və üsulları yoxlamağa çalışacağam. İdeyalar çoxdur və onlar ilə bir bir sizin qarşınıza gələcəyəm.

Bu dəfəki yazım da bu qədərdir. Əgər yolunuz İstanbuldan düşsə mənə xəbər edin və sizinlə birlikdə bir çay, kofe içə bilərik. Özünüzə yaxşı baxın. Hamınız dəyərlisiniz.

Hörmətlə, İmran Bağırov,

İmran Digital.

%d bloggers like this: