38 ci yaşıma olan dərslərim

Imran Baghirov

Zamanın dəyərini getdikcə daha çox anladığım bu gündə yenə sizi salamlayıram. Əziz dost, əziz insan. Hər il olduğu kimi bu dəfə də komputer qarşısına keçib keçən il hesabatımı özüm üçün yazmaq və sizinlə paylaşmaq istəyirəm. Artıq ad günü ritualımın bir hissəsinə çevrilib bu və dostlarımdan bu yazımı gözləyənlər və soruşanlar da olub. Həmişə olduğu kimi çalışacağam hər şeyi real və səmimi formada, qəliz sözlər istifadə etmədən, şirinləşdirmədən, acılaşdırmadan danışım. Əgər siz bu yazını oxuyub hansısa formada fayda əldə edəcəksinizsə, əmin olun ki, mən çox məmnun olacağam. Onsuz da, faydalı olmazsaq həyatda olmağımızın nə mənası var?

Fikirlərimi strukturlu bir şəkildə sizinlə bölüşəcəyəm ki, həm sistemli olsun həm də oxumaq rahat olsun.

  1. İl ərzində baş verənlər
    • Nailiyyətlər
    • Uğursuzluqlar
  2. Əsas öyrəndiklərim
  3. Verdiyim qərarlar


Baş verənlər


2021 ci il deyərdim ki, xaosdan stabilliyə keçidi olan ilk il idi. Daha sabit, daha sistemli və effektivliyə yönəlmiş dönəm oldu mənim üçün. Təkcə başımı aşağı salıb işləmək deyil, eyni zamanda yeni fəaliyyətlər və təcrübələr üçün əlverişli şərait yaranmış oldu. Əsas yadda qalan hadisələr haqqında bir bir burada qeyd etmək istəyirəm.

Lütfi Zadə Texnologiya Mərkəzinin ilk nəticələri

Düşünün ki, 2 ildən çox bir müddət içində hər gün çalışırsınız ki, arzu etdiyiniz son məhsulun nəticələrini görəsiniz və həmin dönəm gəlib çıxır. Çətinliklər azalmır, amma formaları dəyişir. Məsələn öncəki illər fokusumuz təmir, usta, material, zaman məsələləri idisə, artıq suallarımız rezidentləri məmnun etmək, açıq məsələlərimizi həll etmək, yeni rezident cəlb etmək, məmnun qalmayanları dinləmək və s idi. Önəmli məqamlardan xərclərimizi keçəcəyimiz nöqtəyə gəlmək, böyük və orta korporativ müştərilərin bizim rezidentimiz olması, brend dəyərinin ortaya çıxması və sözün əsl mənasında texnologiya insanlarının bir araya gəldiyi nöqtəyə çevrilməsi deyə bilərəm. Amma, bununla yanaşı çətinliklər də oldu. Bir neçə dəfə yeni komanda üzvü cəlb etməli oldum, texniki bəzi məsələlər bir qədər yordu, rezidentlər ilə onların gözləntiləri və keyfiyyət standartları mövzusunda razılaşmalarımız və s. ilə yadda qaldı. Əsas məsələ odur ki, bütün çətinliklərin böyük həcmi geridə qaldı və bütün daşlar getdikcə yerinə oturmağa başladı.

Bu dönəm ərzində xaricdən,ölkə daxilindən gələn qonaqlarımız oldu və onlardan olan işimizə verilən dəyəri görmək bizə çox xoş idi. Aydın oldu ki, tətbiq etdiyimiz prinsiplər boşuna deyilmiş və bunu bilənlər dəyərləndirmiş oldu.

Bu tarixə artıq LTC layihəsinin kovorkinq mərkəzi mərhələsini uğurlu bir etap kimi qeyd edə bilərəm. Artıq növbəti etaplara keçidimiz mümkündür. Asan olmayacağını bilirəm, amma, birlikdə edə bilərik deyə düşünürəm.

Sosial media və rəqəmsal brend

Sosial medianın dəyərindən çox danışmaq olar amma bunu sadəcə izləyici sayı ilə də ölçmək düzgün sayılmaz. Bildiklərimi yazmaq, təcrübələrimi paylaşmaq ehtiyacı həmişə olmuşdur amma bunu sistematik hala salmaqla Linkedin mənim sevimli platformam olaraq həyatımın hissəsi oldu. Gün ərzində 1 və ya 2 fikri,təcrübəni paylaşmaq həm özümə həm də izləyicilərə faydalı olduğunu hiss etdim. Linkedində 17K izləyici sayı ilə ölkədə top 10 şəxs arasına girdiyimi mənə dostlarım deyəndə maraqlı bir surpriz olmuşdu. Halbuki, heç belə bir hesabatın olduğundan xəbərsiz idim. Əsas mövzularım startap, texnologiya, biznes, karyera və rəqəmsallaşma istiqamətindədir. Bu nöqtədə özümə rəqəmsal brend və ad düşünməli idim. Həm paylaşdığım məzmunu izah etməli, həm də, gələcəyin rəqəmsal dünyasnını hiss elətdirməli idi. Ona görə “Imran Digital” qısaltmasını seçdim. Çox da düşünmədim, dilimə yatdı, məntiqini hiss etdim və bu olsun dedim. Əsas kanallar olaraq isə Linkedin, İnstagram və Youtube olaraq davam etməyi seçdim. Linkedin və İnstagramda gündəlik mətn və şəkil formatında postlar, Youtube-də isə həftəlik müxtəlif mövzularda paylaşımlar etməyə başladım.

Doğrusu asan olduğunu deyə bilmərəm. Özəlliklə youtube tərəfində bir videonun hazırlanması toplamda 5 saata yaxın zamanımı apara bilir və bu mövzuda zaman planlanması önəmlidir.

Eyni zamanda mənə bu dönəm ərzində bizneslər tərəfindən sosial mediada əməkdaşlıq təklifləri edildi. Bir neçəsi ilə ortaq layihələrimizə başladıq digərləri ilə isə anlaşmadıq. Anlaşmadığımız məqamlardan biri mənim üçün çox önəmli idi və sizinlə paylaşmaq istərdim. Məni izləyənlərin qarşısında paylaşdığım məzmunun keyfiyyəti, dürüstlüyü, dəyəri mövzusunda sözüm var və bu kontektsdə sizinlə yalnız dəyərli bildiyim məhsul və xidmətləri izləyicilərimə paylaşmağı tətbiq edirəm.

Özümə zaman və diqqət

Son illər ərzində özümə yetərincə zaman ayıra bilmirdim. Yeni sahədə başladığınıza görə həm öyrənmək həm icra etmək, eyni zamanda açıq risklər və onlarla əlaqədar ortaya çıxan əhval dəyişiklikləri asan aradan qalxmırdı. Sanki spiralvari formada yuxuya təsir edir, o əhvala, o da yenidən gündəlik fəaliyyətlərdə öz haqqını alırdı. Bu il ərzində özümə zaman ayırmaq mövzusunda irəlləyiş etdiyimi deyə bilərəm. Əsas etdiyim fəaliyyətlər yuxu, idman və şəxsi zamanın ayrılması ilə əlaqədar idi. Yuxunun dəyərini nə qədər anlatsam da az olar. Vaxtında yata bilmək etdiyim fəaliyyətlər arasında ən çox dəyər verəni idi. İdman olaraq əsasən üzgücülük ilə məşğul idim. Pis alınmır deyə düşünürəm, 3-4km bir dəfəyə üzmək dərəcəsinə gəlib çıxmışdım. Amma, bir faktor var idi ki, davam etmək çətinlik yaradırdı. Suyun içində 2 saata yaxın tək qalmaq əvvəllər çox faydalı olsa da daha sonra sosiallaşmaq ehtiyacı ilə sıxıcı olmağa başladı. Belə halda isə dostlarımın məsləhəti ilə idman zalına davam etdim. Əvvəllər buna ciddi baxmasam da qısa müddətdə fərqini hiss etməyə başladım. Əhval yaxşılaşır, mental güc artır və bədən tonusu yüksək qalır.

Şəxsi zamanın ayrılması isə daha çox həftənin bölgüsü ilə əlaqədardır. Həftənin hansı günü yalnız mənə aiddir, hansı iş, hansı dostlar və yaxınlarla keçirəcəyimi dəqiq bölüşdürmək mənə kömək etdi. Zamanımı effektiv isifadə etmək üçün mənə gələn görüş istəklərini minimuma endirdim. Çox hallarda ehtiyacı yerindəcə onlayn həll etdim, bəzən video zəng, az hallarda isə fiziki görüş məcburi oldu. Bununla həm zaman həm enerjimə qənaət etmiş oldum.

Özümə ayırdığım zamanlarda gəzməyi, rayona getməyi, axşamüstü tonqal qalayıb yanında oturmağı, təmir və s işləri görməyi etdim. Qısa müddət üçün faydası oldu, amma, uzun müddət üçün tək qalmaq sıxıcı gəldi.

Eyni zamanda tam həll edə biləmdiyim məsələlərim də oldu. Məsələn gündəlik kofe içməyimi azaltmaq istəsəm də hələ də bunu həll edə bilməmişəm. 1-2 fincan səviyyəsində saxla bilmişəm. Üzərində çalışdığım başqa məsələ isə gündəlik planlarımın aktiv olaraq qeyd edilməsi və riayət edilməsidir. Günüm həmişə planladığım kimi keçmir və çatmayan məsələlərə görə gecikmələr baş verə bilir. Bunun üzərində kiçik addımlarla irəlləyiş edirəm.


Əsas Öyrəndiklərim


Imran Baghirov

Bu hissədə keçən il ərzində təcrübələrimin əsasında formalaşan, ortaya çıxan nəticələrimi paylaşmaq istəyirəm. Bu nəticələr əsasında qərarlar və fəaliyyətlər formalaşır. Məhz insanın inkişafı da bunu əhatə edir.

Sadəlik zəiflik kimi anlaşılır

Yəni siz təvazökarlıq edərsiniz, etdiyinizdən, olduğunuzdan daha aşağısını göstərərsiniz amma sizi dəyərləndirənlər reallığınızı deyil, sizin göstərdiyinizi əsas alar. Sadə geyiminiz, zarafatlarınız, rahat hərəkətləriniz interpretasiya edilərkən fərqli mənalara gətirilə bilər. Əvvəllər buna diqqət etmirdim, nə deyirlərsə desinlər deyirdim, amma, gördüyüm o oldu ki, sadəliyi zəiflik kimi qələmə verənlər az deyil. Odur ki, nə az nə çox, olduğumuz kimi olmalıyır. Sadəlik bizim coğrafiyada səhv anlaşılır əfsuslar olsun ki.

Güclü olduğumuz oyunları oynamaq

Sizə gələn biznes təklifləri və digər fəaliyyətlər (mən bunlara oyunlar deyirəm) əsasən elə dizayn edilir ki, həmişə oyunu quran orada prioritet qazanmış olur. Siz o oyunda qalib gəlməyiniz üçün daha çox əmək və daha çox enerji sərf etməlisiniz. Elə oyunları oynamalıyıq ki, orada bizim qalib olmaq üçün təbii avantajlarımız vardır. Bu avantajlar ya eksklyuziv biliklər, resurslar və s ola bilər. Sadəcə bu məsələnin fərqində olmaq lazımdır. Ən yaxşı oyun isə öz oyununuzdur. Ona görə uşaqlar qonaq gedəndə həmişə öz oyunlarını özləri ilə aparmağı sevirlər. 🙂

Düşünmə üçün boşluq

Adətən intensiv çalışma prosesi içinə girəndə o qədər işə fokuslanırıq ki, qlobal düşünmək və imkanları analiz etməyə zamanımızı ayırmırıq. Belə bir vəziyyət olanda isə yanınızdan imkanlar uçuşub keçir amma siz fərqində olmaya bilirsiniz. Edilməli olan isə sadə bir neçə addımdır. Gündəlik düşünmə üçün boşluq ayırmaq, həmin zamanda imkanları dəyərləndirmək və qərarlar vermək. Asan səslənə bilər, amma, intensiv iş mühiti içində bunun üçün zamanın ayrılması hərkəsin öz disiplininə bağlı olan bir məsələdir.

Özünü kritika və inkişaf

İnkişaf etmək üçün dəyişməli olduğunuz məsələləri bilməlisiniz və onlar üzrə addımları atmalısınız. Bilmək bunun birinci addımıdır. Bunun üçün ən yaxşı alət ətrafınızdan gələn geri bildirimləri dinləməkdir. Bunlar ya sözlü ya davranışla olan mesajlar olur. Onları tərcümə edib daha sonra analizə keçmək bacarığı yetərincə önəmlidir. Amma, burada diqqətli olmaq lazımdır ki, geri bildirimlərin kimdən gəldiyi, onların hansı motivləri olması və s. kimi faktorlar onların analizində dəyərləndirilməlidir. Yəni hər sizə deyilən həqiqətdir demək deyil.

Yarımçıq həllər seçim deyil

Biznesdə və şəxsi seçimlərdə tam məmnun olmadığınız alternativlər qərar vermək üçün yetərli olmamalıdır. Düşünə bilərik ki, bu da pis deyil və bu formada yola verə bilərik, amma əslində isə mükəmməllikdən ödünc vermiş olursunuz. Bu dünyamız yarımçıq həlləri sevmir. Əgər sonda ən yaxşısı siz olmayacaqsınızsa həmin yola girməyin. Yolun əvvəlində idealist olmasaq belə yol boyu idealist olmaqdan başqa seçimimiz qalmır.

Yaratdığın dəyərə görə kompensasiya edilmək

Gündəlik həyatda bir çox iş görürük və nəticəsində fərqli insanları, mühitləri faydalandırırıq. Hər kəs öz işinin gətirdiyi dəyəri aşağı yuxarı bilir və anlaya bilir ki, əvəzində aldığı ortaya qoyduğu dəyərə uyğundurmu? Pul və ödəniş mövzusu bizə uşaqlıqdan uzaq məsələ kimi təqdim edildiyindən bir çox hallarda yaradılmış dəyərlər üzrə kompensasiya edilmirik. Çünki istəmək bizdə ayıb bir tabu kimi sayılıb genetik kodumuzda. Bunu düzəltmək üçün birinci növbədə dəyərimizi bilmək və kompensasiyamızı istəmək lazımdır. Qeyri ticari və xeyriyyə məqsədli fəaliyyətlər çıxmaqla, digər fəaliyyətlərin gətirdiyi dəyər vardır və o kompensasiya edilməlidir. Sizə ödəniş edilmə sizi hörmətsiz etmir, tam əksinə, sizə olan hörmətin rəqəmsal göstəricisidir.


Verdiyim qərarlar


Lokal və qobalı birləşdirmək

Əslində hər lokal qlobalın bir hissəsidir. Nə qədər də bunu ayırmağa çalışsaqsa bu belədir. Bizim burada müzakirə etdiyimiz biznes mövzuları dünyanın başqa yerlərində də aktualdır. Kovorkinq, akselerator mövzularında iştirak etdiyim forumlarda görürəm ki, gündəmlər aşağı yuxarı eynidir. İnsanlar dilindən, irqindən, yadaşıdığı yerdən asılı olmadan eynidirlər. Buna əsaslanıb kontentimin məzmunu barədə düşünməyə başladım. Bəzi ingiliscə yazılarım ilə testlər etdikdən reaksiyaları gördüm və düşünürəm ki, artıq getdikcə ingiliscə kontent artırmağım lazım olacaqdır. Bununla daha çox insana faydalı ola bilmək imkanı yaradılır.

Prinsiplər dəyər qazandırır

LTC lahiyəsində də bir daha da sübut olundu ki, bizim başlanğıcda ortaya qoyduğumuz prinsiplər insanlar üçün yetərincə dəyərlidirlər. Bunun nəticəsində fərq yarada və dividendlər qazana bildik. İndi əsas məsələ o prinsipləri saxlamaq və qorumaqdır. Bunu əsas alıb prinsip və dəyərlərə xüsusi diqqət vermək, onları hər işin parçası etmək bir vacibiyyətdir. Bunun çətinliyi odur ki, hər prinsipin pul ilə ölçülən qiyməti vardir. Bu seçimi edərkən prinsiplərinin və gəlirlilik arasında olan dilemmada seçimimizi edirik.

İnsanlara faydalı olmağa davam etmək

Faydalı ola bilmək, pozitiv bir hissdir, insanı məmnun edir, kiminsə işini rahatladır. Əfsuslar olsun ki, bunun üçün limitsiz zamanımız yoxdur. Çox hallarda bu ödənişsiz fəaliyyət olduğu üçün zaman sıralamamızda sona gəlib çıxır və ixtisara düşə bilir. Bunu nəzərə alaraq, hansısa bilik və bacarıqlarınız kimlərəsə faydalı ola bilirsə bunu dəyərləndirməliyik. Mən öz tərəfimdən aylıq mentorluq və s fəaliyyətlərimi davam etməyi qərar verirəm.

Vermək və daha sonra istəmək

Almaq üçün birinci vermək lazımdır. Günümüzdə bu qaydanı icra etməmək sanki standart olub. İstəməyi çox yaxşı bacarsaq da vermək mövzusunda təcrübələrimiz limitli olub. Bunu düzəltmək lazımdır. Yalnız dəyər verdiyimiz və dəyərə laiq olan insanlar üçün nələr edə biləcəyimiz haqqında düşünməliyik.

Alternativlər rasionallığı artırır

Karyeramıza vençur kapital portfeli kimi baxmağımız vacibdir. Yəni paraleldə bir neçə istiqamətdə zaman investisiyaları etmək və kiçik bir hissəsinin çox yaxşı nəticələr ilə geri dönüşünü gözləmək. Bir məsələyə fokuslanınca sizin o mövzuda portfel diversifikasiyanız azalır və gərəksiz stres yarada bilir. Bu dünyada nə deyildiyindən daha öncə kimin deməsinə baxılır. Sizin alternativləriniz sizə daha rasional və adekvat qərarlar verməyə imkan yaradır.

Güvənmək faydalı təcrübələr yaradır

Güvənməmək ilk görünüşdə risklərin azaldılmasına gətirib çıxarır. Amma güvənməməklə itirdiklərimiz güvənib itirə bildiklərimizdən daha çoxdur deyə düşünürəm. Ona görə itirə biləcəyimizin risklərini qəbul edib, güvənməyi seçməyi üstün tuturam.


Əziz dostlar, burada qədər oxuduğunuz üçün təşəkkür edirəm. Əgər bu yazılarla kimlərəsə faydalı ola bilirəmsə mənə çox xoşdur.

Özünüzə yaxşı baxın.

İmran Bağırov, ID – Imran Digital.

%d bloggers like this: