Ənənəvi yazımı yazmağa özümə borc bilirəm. Bir çoxunuz məndən bu yazını gözləyir. Özüm üçün də bu yazı hesabat xarakteri daşıyır, özümü anlamağa, özüm üçün qərarlar vermək üçün bir fürsətdir. 36 yaşımın çox hissəsində məndən neçə yaşın olduğunu soruşanda 37 deyirdim və psixoloji olaraq bu yaşa hazırlaşırdım. İnsan həyatının pik dönəmləri məhz bu illərdir. Bu illərdə insanın həm ağlı, dünya görüşü həm də ki, enerjisi bir birinə uyğun olur və daha çox nəticə göstərə bilirsən.
Bu yazımı yazarkən 2 hissədə sizinlə paylaşımımı etmək istəyirəm. Birinci hissədə nələr yaşadım, ikinci hissədə isə nələri öyrəndim istiqamətində fikirlərimi paylaşacağam. Strukturlu olmaq həm mənə həm də sizə rahat edəcək bunu oxumağı. Mən də sizin kimi uzun uzadı nəyisə oxumağı sevmirəm. Faydalı olan hissəni axtarıram. Çalışacağam ki, maksimum faydalı ola bilim sizə. Fikirlərimi qısa və dəqiq ifadə etməyə çalışacağam.
Adını Covid qoyduğumuz öldürücü qrip
Əvvəlini ciddi almaq istəmədiyimiz qrip çox qorxulu bir düşmən olduğunu bizə göstərdi. Ölüm hadisələri artmaqla bərabər yaxınlarımız və dostlarımızdan itirdiklərimiz oldu. Bu hadisələr məsələnin təkcə media-da deyil, öz dərimizdə hiss etməyə başladıq. Artıq məhdudlaşdırıcı tədbirlər bizə narahatçılıq kontekstindən zərurət kontekstinə keçdi.
Keçən il bu vaxt ilk dəfə qapanmalar başladı və həyatımız boyunca heç vaxt üz üzə gəlmədiyimiz durumla qarşı qarşıya idik. Mənim 2 səyahətim təxirə düşdü. 1 illik Schengen vizam da tam saf bir şəkildə istifadəsiz qaldı. Evdən işlə, evdə qal, lozunqları ərəfəsində davam edən kritik işlərə görə işə gedib gəlməli olurdum. Çünki, o vaxt Lütfi Zadə Texnologiya Mərkəzinin tikintisi gedirdi və mən orada olmalı idim. Onlayn görüşlər qeyri standart olsa da artıq standartdan olmağa başladı.
Lütfi Zadə Texnologiya Mərkəzinin tikintisi
Mart ayından olan şəkillərə baxıb hissetmək düşünmək çətin olur ki, belə töküntü, dağıntı, toz torpaq olan yer sonradan necə təmiz, səliqəli və peşəkar mühit ola bilər. Həyatımda heç vaxt bu qədər böyük tikintiyə rəhbərlik etmədiyim üçün bu mənim üçün çox dəyərli bir təcrübə oldu. İstəmədiyim təcrübə. Stresli təcrübə, amma çox dəyərli və məni dəyişdirən təcrübə idi. Ona görə həyatın nə zaman nə gətirəcəyi mövzusunda bir şey demək çətindir amma hər gətirdiyinə təşəkkür etmək lazımdır.
Nəyə görə məhz mən tikintiyə nəzarət etməli olurdum? Çünki, həm gələcək mərkəzin bütün detallarının istədiyim kimi olması üçün həm də başqa alternativlərin çox baha olacağı üçün bu seçimi bilərəkdən etməli olduq. AGA Group , Lütfi Zadə Texnologiya Mərkəzinin təsisçisi partnyorudur və mən yeni standartlarla işləməyin həm faydalarını həm də çətinliklərini görürdüm. Unutmayaq ki, 13 il korporativ mühitdən gələn bir nəfər üçün biləvasitə kapitalizm və biznesin içinə düşmək, hələ bu azmış kimi tikintinin içində olmaq asan bir şey deyil. Şükür ki, bu çətinliklər arxada qaldı. Artıq məkan istifadəyə verilib və ağıllı insanların bir araya gəldiyi yerə çevrilib.
İnsanlarla münasibətlər və prioritetlər
Ətrafımızda insanlar çoxdur amma onlarla keçirdiyimiz zamanların hamısı eyni formada eynicinsli deyil. Kimlərləsə daha çox dəyər qazanırıq, kimlərləsə zaman itiririk. Sizə bəlkə də səmimi olmayan bir ifadə olaraq gələ bilər amma yaş 36 ikən sən hər dəqiqənin dəyərini özünə sorğulayırsan. Çünki, insanlara sərf etdiyin zaman o münasibətlərə qoyduğun investisiyalar çox önəmlidirlər. Həm də, hər şeyi atıb öz azad seçimlərinlə yaşamaq istəyirsənsə bu azadlığı tam yaşamalısan. Azad seçimlər isə əvvəllər heç vaxt özünə vermədiyin sualları vermək deməkdir. Sanki sıfırdan başlamalı olursan bəzən.
Keçən il boyunca nə axtardığımı anlamağa çalışırdım. Bir dəqər də insanların həqiqətlərini gördükdən sonra insan onlardan soyuyur və hərkəsdən uzaq qalmaq istəyir. Ona görə çoxlu təcrübələr ili oldu. Nə axtardığını anlamaq üçün çoxlu hipotezlər ortaya qoymaq və hər birini yoxlamaq lazım gəlirdi. Belə halda təcrübə sayı çoxaldıqca çoxalır. Bəzən yorur, bəzən sevindirir amma uzunmüddətli nəticədə nə axtardığını daha yaxşı anlayırsan. İndi düşünürəm ki, kifayət qədər insanları, onlarla olan münasibətləri saf çürük etməyi və dəyərləndirməyi bacarıram. Etdiyim səhvlər də oldu. O səhvlərin hamısını düzəldə bilməsəm də, bu mövzuda əlimdən gələni etməyə çalışdım.
Qarabağ, muharibə, zəfər
Muharibə başlanan gündən həyat tam fərqli bir standarta keçdi. Bir anda. Gündəmimiz , həyatımız yalnız cəbhədən olan xəbərlərlə dolu idi. Bir onu bilirəm ki, içimizdəki aqressiya çox yüksək idi. Muharibə onu göstərdi ki, davamlı olaraq güclü olmalıyıq. Başqa seçimimiz yoxdur. Hətta o qədər güclü olmalıyıq ki, heç kim biz tərəfə baxmağa cəsarəti olmasın. Dünyamızın həqiqəti budur. Güclü olacaqsan və güclü olduğunu göstərəcəksən. Öz yerini və haqq etdiyini qorumalısan.
Şəhidlərimiz oldu. Şəhidlər ölməz deyirlər, elədir. Onlar rəhmətə gedən digər insanlardan fərqlidirlər. Həyatlarını mənalı yaşadılar və missiya uğrunda özlərini fəda etdilər. Missiyasız o qədər insan var ki… Həyatlarının mənası yoxdur. Şəhidlər, qazilər və istənilən muharibə iştirakçıları bizim daim borcu olduğumuz insanlardır.
Qalibiyyətimiz bizim milli ruhumuzun enerjisi idi. Yanan tükənməz enerjisi. Bir anda hərkəsin içində uzun illər boyu yığılmış qalmış miskin sevinc ilə əvəzləndi və sankı yaralı insan sağalmışcasına ayağa qalxdıq və özümüzü qalib olaraq dünyaya duyurduq. Bunun edən hər kəsə, əskərə, xalqa, prezidentə təşəkkürlər. Bunları biz yaşadıq. Şükür.
Nələri bəs öyrəndim?
Ciddi yaxşılaşma xaosdan keçir – Entropiya azaldılması
İnnovasiya mövzusunda incremental(artan) və disruptive(köklü) innovation məvhumları vardır. Yaxşılaşdırma ya artan xətt üzrə gedə bilir ya da ki, tam yeni bir etapa keçə bilir. Ciddi dəyişiklik istəyirsənsə, köklü dəyişikliklərə getməlisən, bunun gətirdiyi qısamüddətli xausa hazır olmalısan. Evinizin təmirini yadınıza salın. Bir anda hər yer toz torpaq və tam bir səliqəsiz yerə çevrilir və daha sonra çox daha yaxşı bir yerə çevrilir.
Entropiya təbiətin qanunudur. Əşyaları, mühitləri öz başına buraxdığınız halda getdikcə sistemdən sistemsizliyə keçəcək və xaosa gətirəcək. Buna entropiyanın artması deyilir. Biz insanlar həmişə entropiyanın az olduğu məkanlara, insanlara, investisiya alətlərinə və s. ə pul qoyuruq. Fikir verin, səliqəli, düzgün quruluşlu, sistemli olan əşyalara və xidmətlərə pul veririk. Əslində biz entropiyanın azaldılması üçün yaşayan varlıqlarıq
İradə gücünü sınamaq – əminlik
İyun ayında baxdığım bil sənədli filmdən sonra vegan olmağı qərar verdim. Əti, kababı çox sevən bir adam üçün bu qorxulu bir addım idi. 6 ay ət yemədən yaşadım və həyatımın bir normasına çevrildi. Bu imtahanı özüm üçün keçilmiş sayanda ətə geri döndüm. Məhrumiyyətlərlə özümüzü test edəndə iradə gücümüz güclənir və bütün digər mövzularda da əminlik artır.
Hər gün yeni insan tanımaq
Bu il ərzində özümə qoyduğum məqsədlərdən biri artıq hobbimə çevrilib. Yeni insanları tanımaq, onları kəşf etmək, dostluqlar qurmaq. Buna görə hər gün kimisə yeni insanı tanımaq üçün komfort zonamdan çıxmağı təcrübə edirəm. Maraqlısı odur ki, insanları tanıdıqca cəmiyyətin reallıqlarını və standartlarını daha yaxşı anlayırsan, insanlara daha çox dəyər verirsən və ortaq fəaliyyət sahələri ortaya çıxmış olur.
Təcrübələr məcburidir
Heç kim gələcəyi bilmir. Heç kim mütləq doğrunu bilmir. Heç kim 5 dəq sonranı bilmir. Kitablar, filmlər, ağıllı insanlar. Bunlar hamısı keçmişə dayanıb gələcəyə dair iddialar toplusudur.
Təcrübə, test, yoxlama – bunlar hamısı qeyri əminliyi göstərir və bunu aradan qaldırmaq üçün təcrübələr mütləqdir. Təcrübələri ağıllı etmək üçün hipotezi ortaya qoymaq lazım və onun doğru və ya yalnış olmasını sübut etmək lazım gəlirdi. Təcrübələrin sayını sualların sayından çox olmalıdır. Buna da nəzarət etməli olurdum.
Bilmək və susmaq
İnformasiya gücdür. Öyrənib , araşdırıb getdikcə əlaqələndirmək, anlamaq və addımlarına qərar vermək dəyərlidir.
Bu il boyunca bilib susmağı çox test etdim. Çətindir çünki. İnsanlara güvənimin itməsi ilə susmağı normal hala gətirməyə çalışdım. Mən susdum, insanlar danışdı. İçimdə isə bilirdim ki, mən bilirəm və bu əminlik verirdi. Lazım olan vaxt isə o bilgilər ilə fəaliyyətimi etdim. Bilib susmağın ləzzətini sizə anlatmağım çətindir. Ən yaxşısı siz özünüz yoxlayın.
İnsanlara güvənmək çətindir amma başqa seçim yoxdur
Tək oyun oynamaq real deyil bu günki iqtisadiyyatda. İnsanlarla birlikdə olmalısan, qarşılıqlı dəyər ortaya qoyub birlikdə onun nəticələrindən faydalanmalısınız. İnsanlara güvən mövzusunda çətinliklərim var idi, indi də var. Bunu aşmaq üçün fərqində ola ola qapıları aralı saxlamaq və risk alıb güvənməyi yoxladım. İmkan verdim ki, istifadə olunmuş kimi hiss edim özümü. Bir neçə halda gözlədiyim kimi güvənim özümə qarşı istifadə olundu amma mütləq çox hallarda isə güvənmək özünü doğrultdu və qarşılıqlı dəyər qazandıq. Ona görə riyazi gözləmə olaraq güvənmək güvənməməkdən daha öndədir deyərdim.
Maliyyə effektivliyi
Qənaət etmək və yığım etmək önəmlidir. O qədər önəmlidir ki, yığımınız yoxdursa çox riskli durumdasınız. Bunu edə bilmək üçün isə həyat standartınızı təyin etməlisiniz və orada qalmağı öyrənməlisiniz. Yığımınızı da doğru bir şəkildə idarə edə bilməlisiniz, çünki kapitalizmdə pul dəyər deməkdir və o dəyər qazandırmalıdır.
Bir şeyi almaq istəyirsinizsə vacibliyindən çox əmin olmaq lazımdır. Mən uzun illər andoid telefon istifadə edirəm və ClubHouse fenomeni çıxandan İphone ehtiyacı yarandı. Əslində bəhanəm idi. Və 1-2 həftə ərzində hətta 2 dəfə cibimdə pul gedib iphone almaq istədim, amma ala bilmədim. Çünki özüm özümə bunu əsaslandıra bilmədim. Onun gətirdiyi dəyər ona qoyulan vəsaiti ödəyirdi mi? Xeyr.
Məhsul ya Marketinq
İnformasiya paylanması ədalətli və sadə olsaydı mən yalnız məhsul deyərdim. İnternet elə imkan yaradıb ki, daha çox çalışan daha öndə göstərə bilir öz məhsulunu. “Məhsulun və ya xidmətin yaxşı olsun müştərilər özləri gələcək” – fikri çox köklü və doğru fikirdir. Amma, işi zamana buraxmaq istəmirsinizsə Marketinq məcburidir. Hətta ən möhtəşəm məhsul məhz sizdə olsa belə bunu doğru təqdim etmək vacibdir. Bu mövzuda çoxlu müzakirələrimiz oldu. Məhsulu yaxşılaşdırmaq və marketinqi dəstək olaraq yanında saxlamaq ən doğru yoludur deyə deyərdim.
Təkliyə çəkilmək və dəyərləndirmək
İş rutinləri və gündəlik işlər bitmir onsuz da. Özümü dəyərləndirmək, nəyi düz, nəyi yalnış edirəm deyə anlamaq üçün ay ərzində 1-2 dəfə təkliyə çəkilib, önümdə kağız qələm, masamda kofe ilə düşünmə sessiyaları etməyi davamlı etməyə başladım. Faydasını görməyə başladım. Hər belə sessiyadan sonra daha yaxşı və daha məmnun qayıtdım. Özüm üçün qərarlar verdim, fikirlərimi təzələdim. Bu gün də belə edəcəyəm yəqin.
Bir gün mən olmayacağam
Özümə bu sualı verirəm. Sən öldükdən sonrakı dünyada səni xatırladan, sənin etdiyindən faydalanılan nəsə olacaqmı? İnsan özünü qavrayır və sonunu bilir. Buna baxmayaraq elə davranırıq ki, sanki, daim yaşayacağıq. Sizi bilmirəm, amma mən unudulmaq istəmirəm. Bunun üçün də daha çox risk almaq lazımdır. Daha çox iş görmək lazımdır.
Qəbirsanlıqda gəzərkən daş üstündə şəkilləri olan yüzlərlə insanlar var. Onların hamısı yaşadı və rəhmətə getdilər, ailələri və bir zaman sonra isə həç kəs tərəfindən xatırlanmadılar. Belə sonluq heç cəlbedici gəlmir. Unudulmamaq və bunun üçün yaşamaq , risklər etmək, doğruların dalıyca getmək və tələsmək çox önəmlidir.
Paylaşmaq və müzakirə etmək
Son il ərzində əsas sosial müzakirə kanalım Linkedin oldu. Bunu bilərəkdən seçdim, çünki xitab etdiyim və fayda verib ala biləcəyim insanlar orda idilər. Hal hazırda 12 minə yaxın izləyici var və demək olar ki bütün rəylərə və fikirlərə bir bir cavab verirəm. Yetərli qədər zaman getsə də bunun fayda verdiyini və özümün də fayda qazandığımı hiss edirəm. “Fuzzy18” kodunu mənə direktdə yazın və sizə bir kofe məndən hədiyyə olsun. Bura qədər oxuyub gəlmisinizsə sizə təşəkkür düşür. 2 gün əvvəl isə Youtube da kanalımı aktivləşdirdim. Düşünürəm ki, artıq orada məni izləyib məni həvəsləndirə bilərsiniz. Video çəkilişi status yazmaqdan daha intensiv bir işdir və bunu davamlı etmək üçün niyyətimi ortaya qoymuşam. Özüm sizə burada linki payıaşmıram, çünki, əminəm ki, izləmək istəsəniz özünüz axtarıb tapa bilərsiniz. 🙂
Düşünürəm ki, bu qədər yetərlidir. Əlavə müzakirələri onsuz da müxtəlif kanallarda edə bilirik. Özünüzə yaxşı baxın. Həyatınızın hər anında məqsədə doğru hərəkət edin.
Marağlı insansınız. Cox şadam ki sizinlə tanış olmuşam .
İlk növbədə düşüncələrinizi paylaşdığınız üçün təşəkkür edirəm, sevərək oxudum.
Yeni yaşınızda daha çox uğurlar və xoş xatirələr diləyirəm!