33 cü ildən 7 önəmli yansıma

Dünyanın yaşı 4.5 milyard ildir. İnsanlığı başlanğıcı haqqında məlumatımız isə ən erkən olaraq 200 min il əvvələ təsadüf edir. Bugün yaşayan insanların isə maksimum yaşı 100 il ərəfəsindədir. (David Rockefellerin 6 ürək dəyişməsindən sonra 101 yaşına qədər sürünə bilməsi bir misaldır). Aslı deyil sən kimsən, nə qədər pulun nə qədər var dövlətin nə qədər gücün var, sən də bir gün bu dünyanı tərk edəcəksən. Bu sözləri mən bu 33 cü ilimdə ilk olaraq özümə, sonra isə sizlərə deyirəm, əzizlərim. Nəyə görə məhz bu şəkildə başlayıram yazmağa məhz ad günümdə? Çünki, bu tarix bizə bir xatırlatmadı, şənlik və təbriklər isə öz yerində.

Keçən il, 32 ci ilimdə mən öz fikirlərimi sizinlə öncəki məqalədə paylaşdım (buradan oxuya bilərsiniz), 33 də isə bir daha bu qısa həyatı maksimum yaşaya bilməyimiz üçün anladıqlarımdan, düşündüklərimdən və əldə etdiyim nəticələrdən sizlərlə paylaşmaq istərdim.  Ümidvaram ki, vaxtınızı ayırıb oxuyucu olaraq bu məqaləni qurtaranda özünüz üçün müəyyən suallar və cavablar kəşf edəcəksiniz.

Fikirlərimi bəndlər üzrə yazıb, daha rahat və oxunaqlı etməyə çalışacağam

 

  1. Həyat prinsiplərimiz olsun və onlara davamlı sadiq olaq. Gördüyüm odur ki, bir insan üçün onun həyat prinsipləri onun şəxsi konstitusiyasi kimi bir şeydir. O prinsiplərin olması yetmir, onlara davamlı riayət edilməsi çox önəmlidir. Sizi əhatə edən dostlarınız, iş yoldaşlarınız, partnyorlarınız və bütün digər insanlar sizin prinsiplərinizi təkcə sizin sözlərdə deyil sizin davranışlarda da görməyi sizi güvənilir insana çevirəcək. Bugünki dünyada güvənin qiyməti qızıldan bahadır. Misal üçün, əgər özünüzə qərar vermisinizsə ki, başqasının haqqına girməyəcəksiniz, buna davamlı sadiq olmaq (hərdən sizə çox ağır qərar olaraq olsa belə) riayət edin. Hökmən deyil bunu kimsə görsün. Çünki siz bunu kiməsə görə yox, özünüzə görə edirsiniz. Öz həyat prinsiplərinizə görə.
  2. Səhv etməkdən və bunu qəbul etməkdən qorxmayaq. Aslı deyil kimsiniz, vəzifədəsiniz, tələbəsiniz, müdirsiniz, departament rəhbəri və ya CEO sunuz, siz insansınız. İnsan sözünün ərəbcə mənası “səhv edən” deməkdir. Mənim gördüyüm odur ki, biz insanlar səhv etməkdən qorxuruq və səhvimizi anladığımızda onu ört basdır etməyə çalışırıq. İlk öncə deyim ki, səhvimiz olduğu halda ilk öncə onu özümüz üçün qəbul etməyi öyrənməliyik (günahı ilk olaraq başqasında axtarmaq sindromundan uzaq olaq), daha sonra səhvimizi düzəldə biliriksə düzəldək, düzəldə bilmiriksə, kömək istəyək və birlikdə onun həllinə çalışaq. Çox qorxulu səslənir, elə deyilmi? Kiməsə deyəsən ki, mən filan mövzuda səhv eləmişəm. Amma elə deyil. Öz təcrübəmdən deyə bilərəm. rəhbərin etdiyi səhvi işçisi və ya müdiri qarşısında qəbul etməsi və birlikdə onu həll edilməsinə çalışılması çox güvən qazandıran və hörmət edilən bir məsələdir.
  3. Ehtiyacımızı bilək, lyuksa girməyək. Rəhmətlik babamın bir sözü var idi, “qarın bir dəryadır, ora nə qədər töksən gedər”. Onun o sözünə istinad edərək növbəti bir məqamı sizinlə bölüşmək istəyirəm. Bugünki marketinqçilər sizə hər tərəfdən  “Al! Al! Al!” deyirlər və bu bitməz tükənməz bir yoldur. Maaşınız/gəliriniz nə qədər də çox olsa “Ehtiyacınız” avtomatik olaraq da artmış (süni şəkildə artırılmış olur) və beləliklə həmişə pulunuz çatmır nəyəsə. Bir gün siz bir dönər yesəniz də (2 manat), osetrin kababı yesəniz də (ən azı  50 azn) insan olaraq eynisiniz. Günün sonu da yenə də acırsınız. Vəya, özünüzə geyim alırsınızsa, “ən bahalısı yaxşısıdı yəqin” düşüncəsi ilə yox, “mənim ehtiyacıma uyğun olanı hansıdı” düşüncəsi ilə baxın. Biz bahalı bir şey alırıq, sonra ona aşiq oluruq və onu qorumaq bizim həyatımızın mənasına çevrilir. Lazımdırmı? Deyil. Özümüzə qarşı xərclərdə çox konservativ olaq, geriyə qalan pullarımızla dünyanı daha yaxşı etməyə çalışaq. Əmin olun ki, pulu sizə Allah verib və onun bərəkətli və davamlı olması üçün bugün onu doğru xərcləməlisiniz.
  4. Söz-söhbətlərin  bir hissəsi olmayaq. Gündəlik müxtəlif mühitlərdə oluruq və çalışırıq. Gördüyüm və anladığım o olub ki, sizə kimsə yaxınlaşıb başqası haqqında yaxşı olmayan bir məlumat çatdırırsa bu yaxşı bir davranış deyil. Həm o danışan üçün həm biz dinləyən üçün. Bilirəm, güya “gündəmdən xəbərdar olmaq” niyyəti ilə, başlayan bu neqativ məlumat axını sizin daha sonra əhvalınızı korlayır və komanda içində darğınlıqlar yaradır. Eşitdiklərinizin çoxu da həqiqətə uyğun olmadığını yəqin siz də məndən öncə bilirsiniz. Uzun sözün qısası, sizə “neqativ” və “yeni xəbərlər” gətirənlərə bunun sizə maraqlı olmadığını hiss etdirin, çalışın bu söhbət mühitindən uzağ olasınız. Həmin insanlarla kobud olmayın, oturun söhbət edin, amma başqaları haqqında olan neqativləri eşitmək istəmədiyinizi bildirin.
  5. Optimizm sizin həyat enerjinizdir. Nə olursa olsun pessimizmə düşməyin. Nə olursa olsun. Nə olursa olsun. Başınıza çoxlu problemlər gələ bilər, amma hər dəfə bu deyəcəyimi düşünün və özünüzə güvən qazanın. Hər qaranlıq bir otağda bir işıq yandıran yer var, onu tapmağımız lazımdır. Hər çətinlikdə bir çıxış yolu olduğunu unutmayaq. Optimizmimizi yetişdirək və bunu etmək üçün əhatəmizi optimist insanlarla zəngin edək. Sizin yanınızda “hər şey pisdir, öləcəyik, batacağıq” deyənlər lazım deyil, əksinə, “gəlin fikirləşək ki bu vəziyyətə uyğun nə edək ki, uğur əldə edək” deyən insanlar olmalıdır.
  6. Dünyada özümüzdən sonra dəyər və xeyir saxlayaq. Bu son deyəcəyim 2 mövzunu özüm axıra saxladım çünki, səbrli olan və axıra qədər məqaləni oxuyanlara olan hədiyyəmdir. Allah insanları yaradıb ki, Onun istədiyi kimi yaşayaq. Bu qısa dünyanı bir imtahan yeri bilərək bu imtahanı maksimal yaxşı verməyimiz lazımdır. İmtahanımızın uğurlu olması üçün isə hərkəsə faydalı olmağı öyrənməliyik. Bugün biz varıq, sabah yoxuq. Olduğumuz müddət ərzində olmayacağımız müddət üçün insanlara faydalı bir şeylər saxlamalıyıq. Qəbrsanlıqda gəzərkən o insan adlarını və şəkillərini görürük. İstəməzmiyik ki, bizim üçün də belə bir qəbir olanda, bizim bu dünyada etdiyimiz xeyir işlərdən insanlar hələ də faydalansınlar ?
  7. Insanları sevək. Demək istədiklərimin içində bəlkə də ƏN önəmlisi. Kim olursa olsun, insanları sevməyi öyrənək. Bizdən vəzifəsi, imkanı, varı, dövləti az və ya çox olan insanlara qarşı hörmət və diqqətlə yanaşaq. Səbrli olaq, onlara əvəz gözləmədən faydalı olmağa çalışaq. Rəhbərlərə isə sözüm odur ki, indiyə qədər gördüyüm idarəetmə teoriyaları arasında ” Sevgi ilə idarə etmə ” dən daha səmimi və daha uğurlusunu görmədim. Kim olursunuzsa olun, qarşınızdakı insandır və sizin ondan , onun isə sizdən nə artığı və nə də ki, əksiyi vardır. İnsanların səhvləri ilə birlikdə sevməyi öyrənək. Sevək və sevilək. Unutmayaq ki, kiməsə qarşı içimizdə nə isə bir narahatlıq saxlayırıqsa o, bizə daha çox ziyan edəcək. İçimizi təmiz saxlayaq ki, çölümüz də təmiz və gözəl olsun.

Əzizlərim, Sizlərin hər birinizi sevirəm. Təbriklərinizə görə təşəkkürümü bildirirəm. Bu xoş gündə məni xatırladığınız və öz fikirlərinizi paylaşdığınız üçün təşəkkürlər !

Bu mövzuda fikir və ideyalarınızı paylaşa bilərsiniz. Müzakirə edək, paylaşaq, öyrənək.

Hörmətlə,

İmran Bağırov (33)

Twitter : imranbaghirov

 

 

 

8 thoughts on “33 cü ildən 7 önəmli yansıma

Comments are closed.

%d bloggers like this: