Devaluasiya bir fürsətdir.

Devaluasiya bir fürsətdir.

Bu gün səhər eşitdiyimiz xəbər gözlənilən olsa da, böyük ölçüdə sevindirici deyildi. Daxili valyutanın devaluasiyası potensial olaraq vətəndaşlara qalxan qiymətlər, bizneslərə isə azalan tələbat fonunda qənaət siyasəti olaraq geri dönəcəyi gözləniləndir. Lakin bəzən bu tip hadisələr, biləvasitə fərqinə varmasaq da, bir çox mövzularda,  yeni imkanlar açılmış olur. Sizə bu məqaləmi yazmağımın məqsədi, ‘biz bu vəziyyətdə ən yaxşı necə davrana bilərik?’ sualına cavab tapmağımız olacaq. Ümidvaram ki, kiçicik də olsa bu məqalə sizə fayda gətirə bilsin.

Çətinliklərin hər birinin özündə imkanları gizlətdiyinə inanıram və əminəm ki siz də bu mövzuda bənzər düşüncələrə sahibsiniz. Çox sevdiyim bir ifadəni sizinlə paylaşmaq istərdim

Hər qaranlıq otaqda o otağı aydınlatacaq bir elektrik düyməsi vardır.

Gəlin birlikdə həmin işıq düyməsini birlikdə tapaq və dəyərləndirək.

Eksport

Klassik olaraq devaluasiya ən çox eksporta pozitiv təsir edir. Düşünün, siz eyni məhsulu xaricə 1 dollara satırdınızsa, indi də eyni qiymətə satdıqdan sonra daha çox milli valyuta ala biləcəksiniz əvəzinə. Əlbəttə ki, müzakirə etmək olar ki, qiymətlər də qalxacağına görə bunun effektiv az olacaq. Lakin təcrübə göstərir ki, qiymətlər adətən devaluasiya rəqəmindən daha az faizdə artmış olur. Buna səbəb həm dövlət qurumlarının nəzarət mexanizmləri, həm də ki, şirkətlərin sağ qalmaq instinktləridir ki, daha kiçik marjalar ilə sırf dövriyyə üçün işləməyə məcbur olurlar.

Beləliklə ilk iş olaraq bu suala cavab verməyə çalışaq özümüz üçün: Xaricə nə sata bilərik ?

Ucuz əmək bazarı

Üzülərək bunu qeyd etmək istərdim ki, devaluasiya şirkətləri qənaət rejiminə keçirdiyi üçün bu da son nəticədə ixtisarlara gətirib çıxara bilir. Nəzərə alsaq ki, ixtisarlar bir çox hallarda ideal şəkildə həyata keçirilə bilinmədiyinə görə, nəticədə, əmək bazarında bir çox keyfiyyətli işçilər iş axtarmış olur. Əlbəttə ki, onların maaş gözləntiləri daha az olur ki,  əməklərini bazarda sata bilsinlər. Bu fakt isə, pozitiv düşüncəli biznes insanları üçün əsl imkan deməkdir. İlk başlanğıcda bir qədər çətin olsa da daha sonra üçün mükəmməl şirkət qurmaq üçün bir şansdır. Bir çox böyük şirkətlərin tarixçələrinə baxdığımızda onlar məhz çətin iqtisadi şəraitdə ilk addımlarını atıblar və sonra iqtisadi vəziyyətin yaxşılaşması ilə çiçəkləniblər.

Daxili istehsal

Xarici valyutadan aslılığı az olan məhsulların istehsalının ölkədə edilməsi biraz daha prioriteti artmış olur. Xaricdən malların alınması baha başa gəldiyinə görə milli istehsal bir daha gündəmimizin əsas hissəsi olaraq qabarmış olur. Bu vəziyyətdə stimullaşdırıcı addımların olması çox gözlənilən bir addımdır və bu halda möhtəşəm nəticələr əldə edilə bilinər.

Əgər həyətinizdə bir inək varsa həmin inəyin dollar ilə heç bir əlaqəsi, asıllığı yoxdur. 🙂 Təbii ki onun südündən hazırlanan yağ, pendir həm ölkə daxilində öz dəyərini qoruyur, həm də, ölkə xaricinə çıxarıla bilinsə (Eksport) daha çox dəyər qazandıra bilər. Təbii ki, inək misalı üzrə bir çoxumuz deyə bilərik ki, biz şəhərdə yaşayırıq və inəyimiz yoxdu. 🙂 Amma, sizə elə bir məsələdən xəbər verim ki, o ölkəmizdə hər bir insanda var və onun da dollar ilə əlaqəsi yoxdur. Bunun haqqında növbəti bəndimizə baxaq.

İntellektual kapital

Beynimiz daxilində olan bilik və bacarıqlar sadəcə bizə aiddir. Nə export nə importa tabedir, nə valyuta bilir nə devaluasiya anlayır. Onun dəyəri isə, dünyaya baxdığımızda limitsizdir. Elm, məsləhət xidmətləri, yaradıcılıq və s.

Düşünün ki, biz əgər öz intellektual kapitalımızı gözəl bir şəkildə paketləyib beynəlxalq arenada sata bilsək bu bizim üçün və ölkəmiz üçün nə qədər prestij, vergi və gəlir deməkdir. Əlbəttə ki, bu mövzu bir gecəyə ediləcək məsələ deyil, amma, uzunmüddətli düşününcə olaraq çox önəmli məsələdir. Azərbaycan xalqı çox kreativ, bacarıqlı və çalışqan xalqdır. Məhz intellektual kapital bizi dünya səviyyəsində çox önə apara bilər.

Rəqabət

Bizneslər üçün tələbin azaldığı və xərclərinin də məcburən sıxışdırıldığı bir dönəmdə, şirkətlər məcbur olaraq ‘xidmət’ və ‘keyfiyyət’ istiqaməti ilə rəqabətdə önə çıxa bilərlər. Daha az xərclə daha çox gəlir qazanmaq məsələsi gündəmdə olduğu halda şirkətlər qeyri fiziki məhsul və əlavə xidmətlər olaraq, müştərilərə nələri təklif edərək onları qazana biləcəklərini düşünmələri çox normaldır.  Daha sürətli, daha effektiv biznes proseslər əslində son nəticədə vətəndaşlada daha yaxşı xidmət və daha keyfiyyətli nəticələr olaraq geri dönəcəkdir.

Dostar, burada sadaladıqlarım hal hazırda qarşımızda olan imkanların əlbəttə ki, çox kiçik bir hissəsidir. Bunlardan çox daha böyük sayda imkanlar məhz sizi gözləyir. Gəlin birlikdə həm özümüz imkanları dəyərləndirək, həm də bunu edərkən, vətənimiz və millətimiz üçün xeyirli nəticələr əldə edilməsinə nail olaq. Əgər birimiz uğurlu olsaq, bu hamımızın uğurudur. Birimiz iqtisadiyyata 1 manat dəyər qazandırırıqsa, son nəticədə onun effekti dəfələrlə artmış olur və daha böyük pozitiv nəticələrə çıxa bilir.

Hamımıza uğurlar !

Mövzu üzrə müzakirələr üçün həm burada həm də ki, mənim twitter hesabım üzrərindən apara bilərik.

Twitter : imranbaghirov